Azərbaycan banklarında manatla yerləşdirilən əmanətlərin həcmi azalmaqda davam edir - TƏHLİL

Azərbaycan banklarında manatla yerləşdirilən əmanətlərin həcmi azalmaqda davam edir - <span style="color: red;">TƏHLİL
# 11 iyun 2015 07:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin mayın 1-ə müştərilər tərəfindən banklara yerləşdirilən depozitlərin həcmi 18 831,1 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 5 215,5 min manat və ya 38,3% çoxdur.

 

Bununla yanaşı, mart ilə müqayisədə apreldə depozitlərin həcmi 31,2 mln. manat və ya 1,68% artıb.

 

Depozit bazasının valyutalar üzrə strukturuna nəzər salanda məlum olur ki, əmanətlərin 5 mlrd. 7,1 mln. manatla, 13 mlrd. 824 mln. isə xarici valyuta ilə yerləşdirilib. Başqa sözlə, depozitlərin 26,59%-i manatla, 73,41%-i isə xarici valyutada yatırılıb.  

 

Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin yanvar-aprel aylarında banklar 6 mlrd. 831,5 mln. manatla, 6 mlrd. 784,1 mln. isə xarici valyuta ilə depozit qəbul edib. Başqa sözlə, depozitlərin 50,17%-i manatla, 49,82%-i isə xarici valyutada yatırılıb.

 

Bu ilin yanvar ayı ilə müqayisədə fevral ayında manatla yerləşdirilən depozitlərin həcmi 16,5%, fevral ilə müqayisədə martda 9,36%, martla müqayisədə apreldə 539,7 mln. manat və ya 9,73% azalıb. Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarını ötən ilin müvafiq dövrü ilə müqayisə edəndə məlum olur ki, depozitlərin xarici valyutada yerləşdirilməsinə maraq artıb. Yəni, 1 il əvvəl ilə müqayisədə cəmi depozitlərin həcmində manatda olan depozitlərin payı 23,58% azalıb, əvəzində xarici valyutada olan depozitlərin çəkisi isə 23,58% artıb.  

 

Bu ilin aprel ayında əhalinin əmanətləri 7 717,2 mln. manata bərabər olub ki, bu, 2014-cü ilin aprel ayı ilə müqayisədə 1 147,3 mln. manat və ya 17,46% çoxdur.  

 

Ümumiyyətlə, fevral ayı ilə müqayisədə martda əhalinin banklara yerləşdirdiyi əmanətlərdə 151,1 mln. manatlıq və ya 1,9% azalma qeydə alınıb. Aprel ayı üzrə əhalinin əmanətlərinin həcmi mart ayı üzrə göstəricidən 64,4 mln. manat və ya 0,83% azdır. Qeyd edək ki, martda əhalinin əmanətlərinin həcmi 7 mlrd. 781,6 mln. manat olub.

 

Fevral ayı ilə müqayisədə mart və apreldə əhalinin əmanətlərinin həcmində azalma olsa da, ilin əvvəli ilə müqayisədə artım müşahidə olunur. Belə ki, yanvar ayı ilə müqayisədə apreldə əmanətlərin həcmi 595,9 mln. manat və ya 8,37% artıb.

 

Əhalinin banklarda yerləşdirdiyi 7 mlrd. 717,2 mln. manat əmanətin 5 mlrd. 472,2 mln. manatı və ya 71%-i xarici valyutada, 2 mlrd. 245,1 mln. manatı və ya 29%-i milli valyutada olub. Başqa sözlə, aprel ayında xarici valyutada olan əmanətlərin həcmi 387,6 mln. manat artıb, milli valyutadakı əmanətlər isə 451,9 mln. manat azalıb. Son 1 ildə manatla yerləşdirilən əmanətlərin həcmi 1 821,9 mln. manat və ya 44,8% azalıb. Əvəzində xarici valyutada olan əmanətlərdə 1 il ərzində 2 969,3 mln. manat və ya 2,2 dəfə artım var.

 

Əhalinin əmanətlərinin valyuta strukturuna nəzər salanda məlum olur ki, milli valyutada olan əmanətlərin azalması hesabına yanvarda manatla yerləşdirilən əmanətlərin ümumi əmanətlərdə payı 60,05%, fevralda 37,66%, martda 34,66%-ə, apreldə 29%-ə düşüb. Halbuki, ötən ilin dekabr ayında bu göstərici 61,5% olub. Ümumiyyətlə, dekabr ayından etibarən əhalinin banklarda manatla yerləşdirdiyi əmanətlərin həcmi davamlı azalmağa başlayıb.

 

Yanvarla müqayisədə fevralda manatla yatırılan əmanətlərin həcminin 30,1%, fevral ilə müqayisədə martda bu göstəricinin 9,7%, martla müqayisədə apreldə 16,8% azalması məhz fevral ayında manatın 33,5%-lik devalvasiyası ilə izah olunmalıdır. Çünki, manatın dəyərdən düşmə ehtimalından ehtiyatlanan əhali əmanətlərini manatla yatırmaqdan çəkinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR