Azərbaycan bankları yalnız faiz gəlirlərindən mənfəət götürür

Azərbaycan bankları yalnız faiz gəlirlərindən mənfəət götürür
# 19 sentyabr 2008 15:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının cari mənfəəti yalnız faiz gəlirləri hesabına formalaşır. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, bankların qeyri-faiz xərcləri isə qeyri-faiz gəlirlərini üstələyir.
Belə ki, 2008-ci ilin avqust ayının əvvəlinə Azərbaycandakı bankların məcmu mənfəəti 146,59 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin eyni dövrü ilə müqayisədə 63,2% çoxdur. O cümlədən, faiz mənfəəti - 296,53 mln. manat (artım – 85,3%), qeyri-faiz zərəri - 29,09 mln. manat (artım – 85,1%), aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar isə 120,71 mln. manat təşkil edib (artım – 121%). Qeyd edək ki, bu ayırmaların kəskin şəkildə artmasının əsas səbəbləri aktivlərin ümumi həcminin və aktivlərin ümumi strukturunda yüksək riskli aktivlərin artması ilə bağlıdır.
Qeyd edək ki, avqust ayının əvvəlinə bankların ümumi faiz gəlirləri 533,66 mln. manat (artım – 97,2%), faiz xərcləri 237,13 mln. manat (artım – 114,5%), qeyri-faiz gəlirləri 162,02 mln. manat (artım – 56,5%), xərcləri isə 191,11 mln. manat (artım – 60,3%) təşkil edib.
Göründüyü kimi, bankların faiz gəlir və xərclərinin kəskin artımı müşahidə olunur ki, bu da kreditləşmənin genişlənməsi ilə bağlıdır. Belə ki, avqustun 1-nə, bank kreditlərinin həcmi 6 361,5 mln. manat təşkil edib və bu, 2007-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 84,7% artıqdır. Faiz gəlirləri və kreditlərin artım templərinin müqayisəsi banklar tərəfindən kreditlər üzrə faiz dərəcələrinin kiçik səviyyədə qaldırdığını göstərir.
Banklarda qeyri-faiz gəlirlərinin aşağı səviyyədə olması və ümumilikdə qeyri-faiz xərclərinin gəlirləri üstələməsi olduqca neqativ amildir. Çünki bu, bankların öz mənfəətini yalnız kredit əməliyyatlardan əldə etdiyini göstərir. Xatırladaq ki, qeyri-faiz gəlirlərə investisiya fəaliyyətindən, valyuta əməliyyatlardan, alınmış komissiya və cərimələrdən və s. bu kimi gəlirlər aiddir; qeyri-faiz xərclərə isə əməliyyat xərcləri, qiymətli kağızlarla əməliyyatlar üzrə xərclər, inzibati və s. bu kimi xərclər aiddir.
Qeyd edək ki, bu cür gəlir və xərclərin strukturu normal kimi qiymətləndirilə bilməz, çünki banklar kreditləşmədən başqa geniş çeşiddə digər xidmətlər göstərir (kreditlərlə bağlı olmayan) və bunlardan gəlir götürməlidir. Lakin Azərbaycan bankları bu cür xidmətlərdən faydalanmır (yalnız zərər əldə edir).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR