Azərbaycanın peyk operatorunun gəlirləri 5% artıb

Azərbaycanın peyk operatorunun gəlirləri 5% artıb
# 08 iyun 2021 18:38 (UTC +04:00)

2020-ci il ərzində “Azərkosmos” ASC-nin əsas fəaliyyətdən gəlirləri 2019-cu illə müqayisədə 5% artıb.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bu barədə peyk operatorunun ötən ilin yekunlarına dair dərc etdiyi maliyyə hesabatında deyilir.

Qeyd olunur ki, məzənnə fərqi effekti nəzərə alınmadan “Azərkosmos” 2020-ci ili 10,3 mln. manat mənfəətlə başa vurub. Belə ki, 2020-ci ilin sonuna avronun 2019-cu ilə nisbətdə 10%-dən çox bahalaşması ilə (təxminən 1,90-dan 2,10-a) məzənnə fərqi effektinin kəskin artması peyk layihələrinin maliyyələşdirilməsi üçün avroda götürülmüş borcların manat ekvivalent dəyərini artırmış və dolayısı ilə texniki olaraq əlavə xərclər hesabatda 2020-ci ilin yekunu kimi 5 mln. manat zərərin tanınmasına səbəb olub.

Gəlirlərin artım məsələsinə qlobal prizmadan baxdıqda son illərdə dünya peyk sənayesinin “durğunluğu” dövründə “Azərkosmos”un vəziyyəti kifayət qədər ümidverici görünür. Son illər dünya peyk sənayesinin gəlirlərinin azalan trendinə və 2020-ci ildə koronavirus pandemiyasının təsirlərinə baxmayaraq “Azərkosmos”un gəlirləri stabillik nümayiş etdirir və proqnozlara nəzər saldıqda gəlirlərin növbəti illərdə daha da artacağı gözlənilir.

Ümumilikdə, “Azərkosmos”un gəlirlərinin 90%-i peyk xidmətlərinin ixracından formalaşır. “Azərkosmos” dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə ilk yerdədir. Şirkətin “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri üzrə ixrac portfelini əsasən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təşkil edir. Bu isə öz növbəsində bir tərəfdən “Azərkosmos”un likvidliyinin güclənməsinə təsir edir, digər tərəfdən isə ölkəyə stabil xarici valyuta axınını təmin edir.

Həmçinin hesabat ilə bağlı qeyd etmək lazımdır ki, yığılmış zərərin çox böyük hissəsi “Azərkosmos”un əməliyyat fəaliyyəti ilə bağlı deyil. “Azərkosmos”un həyata keçirdiyi peyk layihələri xarici valyutada cəlb edilmiş kreditlər vasitəsilə maliyyələşdirilib və ötən illərdə baş vermiş devalvasiyalar manatın məzənnəsinin aşağı düşməsinə səbəb olmuşdur ki, “Azərkosmos” maliyyə hesabatlarının manat ilə hazırlanması səbəbindən mənfi məzənnə fərqi məbləğini texniki olaraq zərər kimi tanımaq məcburiyyətində qalmışdır. Gəlir və xərclərlə bağlı proqnozlar növbəti illərdə şirkətin mənfəətdə stabillik əldə edəcəyinə əminlik verir.

“Azərkosmos”un ümumi öhdəlikləri 2020-ci ilin sonuna 2019-cu ilə nisbətdə 59,09 mln. manat və ya 9% azalaraq 604,68 mln. manata düşüb. “Azərkosmos”un öhdəlikləri peyk layihələri ilə bağlı götürülmüş kreditlərdir. Bu kreditlər peyk xidmətlərindən əldə edilən gəlirlər hesabına vaxtı-vaxtında geri ödənilir və bu günə kimi şirkətin vaxtı keçmiş və ya gecikdirilmiş kredit borcu qeydə alınmayıb.

Qeyd edək ki, “Azərkosmos”un 2020-ci ilin yekunları üzrə dərc olunmuş maliyyə hesabatları dünyanın dörd ən böyük audit şirkətlərindən biri olan “PricewaterhouseCoopers" (PwC) audit şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən müstəqil auditor rəyi alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR