“Fitch”: Bu il Azərbaycan iqtisadiyyatı 4,9%, gələn il isə 2,9% artacaq

“Fitch”: Bu il Azərbaycan iqtisadiyyatı 4,9%, gələn il isə 2,9% artacaq
# 13 noyabr 2021 14:18 (UTC +04:00)

“Fitch Ratings” reytinq agentliyinin son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 4,9%, 2022-ci ildə isə 2,9% artacaq.

APA-Economics”in agentliyə istinadən verdiyi məlumata görə, artımın əsas drayverləri kimi, qeyri-neft sektorunun bərpası və COVID-19 pandemiyasına qarşı vaksinasiyanın sürətlənməsi göstərilir.

Uzunmüddətli proqnozlara gəldikdə, 2023-cü ildə real ÜDM-in 2,3%-lik artımı proqnozlaşdırılır.

Gələn ilə iqtisadi artımın yavaşlamasını “Fitch” ölkədə enerji istehsalının durğunluğu (köhnə yataqlardan neft hasilatının davamlı azalması qaz sektorundakı artım ilə kompensasiya olunacaq) və qeyri-neft özəl sektoruna yönələn investisiyaları, iqtisadi diversifikasiyanı və ümumi real artımı məhdudlaşdıran dövlət sektorundakı struktur sərtlikləri ilə izah edir.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə proqnozlarına görə isə, neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycanda real ÜDM 5,1% artacaq. 2022-ci il üçün isə ÜDM-in real artımının 3,9% olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, 2020-ci ölkədə real ÜDM 4,3% azalıb. 2019-cu ildə Azərbaycanda nominal ÜDM istehsalı 81,681 mlrd. manat təşkil edib, real ÜDM-in artım tempi isə 2,2% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR