Ermənistanda müxalifətçilər hökumət binasına soxulmaq istəyib

İrəvan şəhəri

© APA | İrəvan şəhəri

# 11 noyabr 2021 12:25 (UTC +04:00)

Ermənistan hökumətinin iclası müxalifətin etiraz aksiyaları ilə müşayiət olunur.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, müxalifət Baş nazir Nikol Paşinyanı və onun hökumətini ölkənin maraqlarını satmaqda ittiham edir.

Nazirlər Kabinetinin binası qarşısına toplaşan müxalifətçilər binaya daxil olmaq istəsələr də, polis buna imkan verməyib. Nəticədə, aksiya iştirakçıları ilə polis arasında toqquşma olub. Polis aksiyaçıları binadan uzaqlaşdıra bilib.

Bunun ardınca “Nikol satqın” şüarları səsləndirən müxalifətçilər Respublika meydanında avtomobillərin hərəkətini dayandırmaq istəsələr də, polis buna da imkan verməyib, onları ərazidən uzaqlaşdırıb.

Aksiyada bir neçə müxalifətçi deputat və onların tərəfdarları da iştirak edir.

Onlar Qafan-Gorus yolunun Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində nəzarət-buraxılış məntəqəsinin yaradılmasına, Ermənistan hakimiyyətinin buna razılıq verməsinə etiraz edirlər.

Qeyd edək ki, Azərbaycanın noyabrın 11-də həmin ərazidə gömrük və sərhəd nəzarəti postları yaradacağı barədə məlumatlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR