Rusiyanın Tiflis qarnizonundan hərbi texnika və ləvazimatın çıxarılması prosesi başa çatıb

Rusiyanın Tiflis qarnizonundan hərbi texnika və ləvazimatın çıxarılması prosesi başa çatıb
# 22 dekabr 2006 14:38 (UTC +04:00)
Rusiya qoşunlarının Tiflis qarnizonundan hərbi texnika və ləvazimatın çıxarılması prosesi bu gün başa çatıb. Tiflis qarnizonuna məxsus son beş maşın bu gün Ermənistana göndərilib. Qarnizonun texnika və ləvazimatının əsas hissəsi dörd eşelonla Ermənistana, iki eşelonla isə Azərbaycandan keçməklə Rusiyaya göndərilib. Bundan başqa qarnizona məxsus silah-sursat yüklənmiş daha bir neçə maşın karvanı Gümrüdəki 102-ci diviziyaya yola salınıb. Tiflis qarnizonuna aid obyektlər Gürcüstana rəsmi şəkildə dekabrın 25-də rəsmi təhvil veriləcək. Bu günə qədər qarnizonun hospitalı, anbar və qarajları artıq Gürcüstana təhvil verilib. Səhər radələrindən etibarən isə Zaqafqaziyada Rusiya Qoşunları Qrupunun mərkəzi qərargahının təhvil-təslim prosesi başlayıb. Tiflis qarnizonunun şəxsi heyətinin bir qismi artıq Gürcüstanı tərk edib. Sabah səhər hərbçilər və onların ailə üzvlərindən ibarət daha 40 nəfərlik qrup avtobusla Gümrüyə göndəriləcək. Tiflis qarnizonunun 15 zabiti isə hərbi xidməti Batumidə yerləşən Rusiya hərbi bazasında davam etdirəcək. Onlar Axalkələk və Batumidən Rusiya bazalarının köçürülməsi prosesində iştirak edəcəklər. Xatırladaq ki, Rusiya qoşunlarının Gürcüstan ərazisindən tam şəkildə çıxarılması prosesi 2008-ci ilin sonuna kimi başa çatmalıdır. Gürcüstandakı Rusiya hərbi bazalarının bu ölkədən çıxarılmasına 2006-cı ilin may ayında başlanıb. May-iyul ayları ərzində Batumi və Axalkələkdəki hərbi bazalardan Azərbaycan ərazisindən keçməklə 20 eşelon (400 vaqondan artıq silah, hərbi texnika və digər avadanlıqlar), noyabrın sonu-dekabr ayının əvvəllərində isə 4 eşelon Rusiyaya yola salınıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR