ABŞ Badri Patarkasişvilinin Gürcüstan müxalifətini maliyyələşdirməsini alqışlayır

ABŞ Badri Patarkasişvilinin Gürcüstan müxalifətini maliyyələşdirməsini alqışlayır
# 30 oktyabr 2007 13:31 (UTC +04:00)
ABŞ iş adamı Badri Patarkasişvilinin Gürcüstan müxalifətini maliyyələşdirmək barədə qərarını alqışlayır. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu “İmedi” telekanalına müsahibəsində ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza deyib. M. Brayzanın fikrincə, bu fakt Gürcüstanda demokratiyanın olduğunu göstərir: “Cənab Badri tanınmış biznesmendir və nüfuzu təkcə Gürcüstanla məhdudlaşmır. Onun müxalifəti maliyyələşdirməyə başlaması Gürcüstanda demokratiyanın olduğunu sübut edir. Mən bu faktı yalnız müsbət qiymətləndirə bilərəm”. Müxalifətin noyabrın 2-də Tiflisdə keçirməyi planlaşdırdığı mitinqə də toxunan M. Brayza bildirib ki, dinc aksiyaların keçirilməsi hər kəsin haqqıdır: “Ola bilər Gürcüstanın demokratik inkişaf səviyyəsi o qədər də yüksək deyil. Amma ölkənin demokratik islahatlar yolunda olduğu həqiqətdir. Gürcüstan müxalifətinin güclənmək üçün real şansı var və bu, öz-özlüyündə yaxşı haldır”.
Qeyd edək ki, B. Patarkasişvili müxalifəti maliyyələşdirmək qərarını etiraz aksiyalarını sivil yola keçirməyin vacibliyi ilə əsaslandırıb. Onun fikrincə, müxalifətin maliyyə problemləri prosesləri idarə etmək baxımından təhlükəli ola bilər. İş adamının mətbuat xidmətindən bildiriblər ki, B. Patarkasişvilinin qərarı Gürcüstan qanunvericiliyinə uyğun icra olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR