Xidmət rəisi: “Ermənistanın mədəni irsimizə qarşı həyata keçirdiyi dağıntılar, vandallıq və mənimsəmə faktları sənədləşdirilir” - MÜSAHİBƏ

Azad Cəfərli

© APA | Azad Cəfərli

# 10 noyabr 2021 11:50 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin APA-ya müsahibəsi

- Azad müəllim, bu gün abidələrin bərpası ilə bağlı ən aktual problemlərdən biri bərpa zamanı tarixilik prinsipinin qorunmaması, bir çox halda bərpaçıların qeyri-peşəkarlıq nümayiş etdirməsidir. Bundan sonra da tarixi abidələrə plastik pəncərə qoyulmasının şahidi olacağıq, yoxsa bu problem həllini tapacaq?

- Yeni mütəxəssislərin formalaşdırılması və ya artıq müvafiq sahə üzrə ixtisaslaşmış şəxslərin təkmilləşdirmə seminar və kurslarına cəlb edilməsi hazırda bizim gündəlikdə duran ən təxirəsalınmaz məsələlərimizdəndir. Bu istiqamətdə artıq əməli fəaliyyətə başlamışıq. Yaxın gələcəkdə tərəfdaşlarımızla birlikdə bir neçə təlim keçirməyi hədəfləmişik. Eyni zamanda təlim-bərpa mərkəzi yaratmaq niyyətindəyik. Hesab edirik ki, bu bərpa mərkəzi bu sahə üzrə elmi-praktiki mərkəz olmaqla praktiki vərdişlərin nəzəri əsaslarını və o nəzəriyyənin praktikada maddiləşdirilməsini təmin edə biləcək.

- Bəs, işğaldan azad edilmiş ərazilərdə bərpa prosesində iştirak edən ekspertlər hansı standartlara əsasən prosesə cəlb olunur? Ümumiyyətlə, həmin ekspertlərin peşəkarlıq səviyyəsi necədir?

- Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix və mədəniyyət abidələrinin bərpa və konservasiya işlərində qabaqcıl təcrübədən istifadə imkanları araşdırılır. Bu sahədə öncül ölkələrin təcrübəli mütəxəssisləri ilə görüşlər keçirilir, onların etdiyi təkliflər, fikir və rəylər nəzərdən keçirilir. Eyni zamanda vurğulamaq istəyirəm ki, azad olunmuş ərazilərdə yerləşən mədəni irs nümunələrimizlə bağlı hazırkı vəziyyətlə yerində tanış olmaq məqsədi ilə bir sıra beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssisləri, eləcə də BMT, İSESCO kimi təşkilatların ekspertlərinin ölkəmizə səfərləri təşkil edilib.

- Keçən dəfə Ağdam Dram Teatrının və Füzulidəki “Araz” nəşriyyatının binalarının konservasiya olunacağını bildirdiniz. İşğaldan azad olunan ərazilərdə daha hansı abidələrin konservasiya olunacağı gözlənilir?

- Bildiyiniz kimi, hazırda işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix və mədəniyyət abidələrinin, mədəni irs obyektlərinin monitorinqi, inventarlaşdırılması işi həyata keçirilir. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər və Kəlbəcər rayonlarını əhatə edir. Şuşa şəhərində monitorinqlər artıq yekunlaşdırılıb, inventarlaşdırılma aparılıb. Orada yerləşən tarix və mədəniyyət abidələrinin xəritəsi hazırlanıb. Bərpa və konservasiya məsələsinə gəlincə, bütün bu işlər ərazilərin bərpası prosesi ilə qarşılıqlı əlaqədə, müasir şəhərsalma prosesləri çərçivəsində həyata keçiriləcək.

- Dünya təcrübəsində işğal zamanı zərər görən abidələrin bərpa olunmadan vandallıq nümunəsi kimi saxlanması hallarına rast gəlirik. Siz də bu təcrübəyə müraciət etməyi düşünürsünmü?

- Ermənistanın müharibə cinayətləri nəticəsində tamamilə dağıdılmış tarix-memarlıq abidələrinin sayı çoxdur. Həmin tarixi abidələrin yalnız qalıqları qalıb, izləri məlumdur. İşğalçılar eləcə də qanunsuz arxeoloji qazıntılar apararaq tarixi irsimizə bərpa edilə bilməyəcək ziyan vurublar. Belə abidələrin işğal faktı kimi saxlanılması və ya rekonstruksiyası məsələləri zamanla öz həllini tapacaq.

- Bildiyimiz kimi, tarixi-memarlıq abidələri turizm potensialına mühüm təsir göstərir. Bərpa prosesi aparılarkən bu amil nəzərə alınırmı?

- Hazırda azad olunmuş ərazilərdə bir sıra infrastruktur layihələri həyata keçirilir, həyati əhəmiyyətli işlər icra olunur. Həmçinin orada şəhər və rayonların Baş planlarına uyğun olaraq müasir şəhərsalma işləri həyata keçiriləcək. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərimiz həm füsunkar təbiəti, həm tarixi abidələri, həm də mədəni dəyərləri baxımından zəngin bir bölgədir. Gələcəkdə ora səfər edəcək turistlərin abidələrimizi də rahat şəkildə ziyarətinin təmin edilməsi istiqamətində də işlər görüləcək.

- Abidələr işğal altında olarkən ermənilər abidələrin təkcə binalarına deyil, həmçinin müəyyən önəmli elementlərinə zərər vurublar. Məsələn, Xudavəng monastırından xaçları və freskalarını söküb aparıblar. Bu kimi hallar 1954-cü il Haaqa konvensiyası, həmçinin UNESCO-nun qəbul etdiyi konvensiyalara ziddir. Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər edilirmi? Konkret nəticələr varmı?

- İşğalçı tərəf özünün də qəbul etdiyi beynəlxalq müqavilələri pozduğuna görə cavab verməlidir. Hazırda Ermənistan Respublikası tərəfindən mədəni irsimizə qarşı həyata keçirilən bütün dağıntılar, vandallıq və mənimsəmə faktları ilə bağlı məlumatlar toplanır, sənədləşdirilir. Həmin sənədlər mədəni irslə məşğul olan bütün beynəlxalq təşkilatlara göndərilir. Eyni zamanda müvafiq beynəlxalq platformalarda da təqdimatlar keçirilir, görüşlərdə səsləndirilir.

- Ermənilərin 44 günlük Vətən müharibəsi dövründə cəbhə xəttindən uzaqda yerləşən, dinc sakinlərin yaşadığı yerlərə hücumlar etdi. Həmin hücumlar zamanı zərər görən abidə, yaxud mədəniyyət müəssisələri olubmu?

- Ermənistan Vətən müharibəsi dövründə hərbi əhəmiyyət daşımayan, eləcə də mülki obyektlərə, dinc əhalinin yaşadığı məntəqələrə dəfələrlə ağır silahlardan atəş açıb. Həmin atəş zərbələri nəticəsində mülki obyektlərlə yanaşı, bir neçə tarix-memarlıq abidəsi də ziyan görüb. Ziyan dəyən mülki obyektlər içində bir sıra tarix və mədəniyyət abidələri də yer almaqdadır. Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən, ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə, Gəncə şəhərində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən ölkə əhəmiyyətli “İmamzadə kompleksi”nə, o cümlədən yerli əhəmiyyətli memarlıq abidələri olan “Kişi Gimnaziyası” (hazırda Aqrar Universitetinin tədris korpuslarından biri kimi fəaliyyət göstərir), “Səfərxanlı məscidi” və “Yaşayış evi” (Hazırda Gəncə Musiqi Kolleci kimi istifadə olunur) abidələrinə, Ağsu rayonunda “Orta Əsr Ağsu şəhəri” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş məscid qalıqlarının qorunması üçün quraşdırılmış konstruksiyaya və Ağsu rayonunun Xəlilli kəndində yerləşən “Şeyx Əhmədli türbəsi” (Şeyx Əmir Əhməd türbəsi) abidələrinə müəyyən ziyan dəyib.

- İşğaldan azad edilmiş ərazilərdəki abidələrin bərpası və konservasiyası üçün təxminən nə qədər vəsait lazımdır?

- Bəzi məqamda dağıdılmış abidələrin geri qaytarılması mümkünsüz prosesə çevrilir. Azad olunmuş ərazilərdə isə belə abidələrin sayı olduqca çoxdur. Aparılan monitorinqlər də onu göstərir ki, tarixi abidələrimizin böyük əksəriyyəti dağıdılıb, müdaxilə edilib və mənimsəməyə məruz qalıb. Qeyd etdiyimiz kimi, monitorinq işləri hələ yekunlaşmayıb. Bu istiqamətdə aparılan təhlillər yekunlaşdıqdan sonra konkret hansısa rəqəmlərdən danışmaq olar.

- Abşeron yarımadası və ətrafında yerləşən Qaraçı, Səngəçal və başqa karvansaralar uçulub dağılmaqla üz-üzədir. Bir az da geciksək, abidələr tamamilə məhv ola bilər. Bu abidələrin təmiri nə zamana planlaşdırılır?

- Qaradağ rayonu ərazisində yerləşən hər iki karvansara Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Oradakı vəziyyət bizi də narahat edir. Hər iki tarixi abidənin bərpa olunmasına ehtiyac var. Ölkə əhəmiyyətli tarix memarlıq abidələri olan bu karvansaraların bərpa olunaraq, istifadə edilməsi məsələsi diqqətdə saxlanılır, qədim karvan yollarının üzərində yerləşən bu abidələr bərpa olunması üçün investisiya planına salınıb.

- Bərpaya ehtiyacı olan abidələrin bərpası işi dövlətdən savayı, hər hansı şəxslərin, yaxud təşkilatların ixtiyarına verilə bilərmi?

- Dünyada tarixi abidələrin dövlət və özəl sektorun birgə əməkdaşlığı çərçivəsində bərpası, konservasiyası və istifadə olunması təcrübəsi var. Belə təcrübədən ölkəmizdə də istifadə olunur. Bir neçə tarixi abidə var ki, dövlət və özəl sektorun, eləcə də digər qurumların birgə fəaliyyəti nəticəsində bərpa edilib. Dövlət Xidməti olaraq, bərpa işlərinə özəl sektorun cəlb olunması sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində işləyirik. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarımızla da birgə iş aparırıq.

Belə ki, Dövlət Xidməti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası ilə bağlı “Niyyət Məktubu” imzalanıb. Həmin razılaşmaya uyğun olaraq TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilir. Bu sahədə əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.

- Bu gün bəzi abidələrin üzərindəki məlumat lövhələrində ciddi qüsurlar var. Xüsusilə də regionda yerləşən abidələrdə...

- Razıyam ki, bu gün elə lövhələr var ki, onlar nazirliyin bugünkü adına belə uyğun gəlmir. Bütövlükdə ölkə ərazisində olan məlumat lövhələrinin bugünkü real tələblərə uyğun şəkildə tərtibatını təmin etməyə çalışırıq. Bu istiqamətdə iş aparırıq. Çalışırıq ki, qüsurlu olanları ən qısa zamanda təzələyək, dəyişək. Təəssüf ki, öncəki illərdə əsrlərin belə səhv qeyd olunduğu məlumat lövhələri var. Bu, bizim araşdırmalarımızın bir hissəsidir. İstəyimiz və qarşıda duran vəzifəmiz ondan ibarətdir ki, bunlar hamısı düzgün olmalıdır. Çünki bu məlumatlar maarifləndirməyə xidmət edir.

- Sizin qurumun fəaliyyət istiqamətlərindən biri də yeni abidələrin aşkarlanmasıdır. Bu sahədə işlər nə yerdədir?

- Bizim qurumun fəaliyyəti dinamik olmaqla, daim təzələnən bir prosesi özündə ehtiva edir. Bu proses isə ondan ibarətdir ki, bu günə qədər qeydiyyatı aparılmış abidələrlə yanaşı, yenilərini aşkar edə, yenilərinin qeydə alınması ilə bağlı səf-nəzər edə, beləliklə də bu siyahının miqyasını artıra bilərik. Bu iş bu şəkildə də həyata keçirilir. Tikililərdə həm memarlıq, həm tarixilik əlamətləri aşkar etdikdə təhlil edirik, aidiyyəti elmi strukturları da bu prosesə cəlb edirik. Nəticədə, onun həqiqətən tarix mədəniyyət abidəsi qismində status verilməsi məsələsinə cavab tapmış oluruq.

Son bir neçə ildə 1400-dən çox abidənin qeydiyyatını aparmışıq və onları ilkin mühafizəyə cəlb etmişik. Aidiyyəti elmi dairələr və təsisatların rəy vermələrini hazırda təmin etmək istiqamətində iş aparılır. Bu abidələr çox mühüm tədqiqat predmetinə çevrilir. Sonda ümumi yekunlar üzrə onların statusunu müəyyən edirik. Yeni abidələrin aşkar edilməsi bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir.

Foto - Nicat Əlili © APA Group

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR