Vüqar Zifəroğlu: “Xəzərdə palçıq vulkanının püskürməsi ilə bağlı "xəbərlər"də bilgi çirkliliyinə yol verildi”

Vüqar Zifəroğlu

© APA | Vüqar Zifəroğlu

# 05 iyul 2021 12:51 (UTC +04:00)

“Jurnalistikanın ən vacib qaydası təsdiq edilmiş xəbəri paylaşmaqdır. Bu, həm də peşə etikasının tələbidir. Əgər hər hansı bir informasiya yayılırsa və bunun ictimai əhəmiyyəti varsa, jurnalist ilk növbədə rəsmi mənbə ilə xəbəri dəqiqləşdirdikdən sonra cəmiyyətə çatdırmalıdır. Dəqiqlik, yoxsa operativlik dilemması qarşısında peşəkar jurnalistin üstünlük verdiyi məqam məhz birincidir - dəqiqlik! Professional mediada iş prinsipi bu cürdür. Təəssüf ki, sosial mediaya bunu şamil etmək olmur”.

Bunu APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu dünən axşam Xəzər dənizində palçıq vulkanı nəticəsində partlayışdan sonra müxtəlif məlumatların yayılmasına münasibət bildirərkən deyib.

V. Zifəroğlu bildirib ki, sosial media manipulyasiyaya açıqdır və bu səbəbdən də bilgi çirkliliyinə rast gəlmək olur: “Təəssüf ki, dünən Xəzər dənizində palçıq vulkanının püskürməsi ilə bağlı yayılan "xəbərlər" də bunu bir daha göstərdi. Məşhur "niguş texnologiyası" yenə də müxtəlif dezinformasiyaların sürətlə yayılmasına səbəb oldu. Bu isə baş verən hadisənin sırf təbiət hadisəsi olmasından xəbərsiz insanlarımızı narahat etdi, nigaran qoydu. Düşünün, o qazma yataqlarında çalışanların yaxınlarının, əzizlərinin durumunu...

Əslində, bunun da bir sıra səbəbləri var. İlk səbəb sosial məsuliyyətlə bağlıdır. Sosial məsuliyyət - insanın özü, yaxınları, mənsub olduğu cəmiyyət qarşısında daşımalı olduğu məsuliyyətdir. Sosial media mühitinin azad olması bizi cəmiyyət qarşısında daşımalı olduğumuz məsuliyyət hissindən əsla azad etmir. Bu zaman səbirli davranmaq, rəsmi qaynaqların açıqlamasını gözləmək və yalnız bundan sonra hər hansı fikir və ya rəy bildirmək daha uyğun olmazmı? Lakin dünən bir neçə saatın içində ən fantastik versiyaların üzərində belə - məsələn, yatağımızın qonşu ölkələrdən biri tərəfindən raketlə vurulması kimi - ciddi müzakirələrin getdiyinin şahidi olduq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR