İradə Aşumova: “32 ildir məzuniyyətin nə olduğunu bilmirəm”

İradə Aşumova: “32 ildir məzuniyyətin nə olduğunu bilmirəm”
# 02 sentyabr 2010 08:29 (UTC +04:00)
Bakı – APA. “Bizi qarşıda ciddi yarışlar gözləyir. Paytaxtda keçiriləcək Bakı və Azərbaycan kuboku yığmaya seçim baxımından böyük əhəmiyyət daşıyacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında güllə atıcılığı üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Aşumova deyib.

Afina-2004-ün bürünc mükafatçısı yetirmələrinin son yarışlarda medal qazanmamasını təcrübəsizliklə bağlayır: “Milli komandaya yeni atıcılar cəlb etmişik. Onlardan Cəmalə Süleymanova Almaniyada ilk mötəbər yarışda qüvvəsini sınadı. Komandaya yeni perspektivli snayperlərin gəlməsi üçün gözəl şərait yaranıb. Amma onların təcrübəsizliyi hiss olunur. İnanıram ki, gələcəkdə bu atıcılar uğurla çıxış edəcəklər”.

Aşumovanın sözlərinə görə, yarışlara həm baş məşqçi, həm də idmançı kimi yollanmaq müəyyən qədər problem yaradır. O bildirib ki, dünya çempionatında London-2012-yə lisenziya qazana bilməməsində də bu problem rol oynayıb: “Ölkəmizdə idmanın bu növündə məşqçi qıtlığı hiss olunur. Bunun üçün yeni idmançıların yetişməsi vaxt tələb edir. Mənim üçün baş məşqçi və idmançı kimi işləmək bir qədər çətinlik yaradır. Çünki yarışlar zamanı özünlə bərabər yığmanın üzvlərinə də göstərişlər verməli olursan. Almaniyada keçirilən dünya çempionatına yollanarkən, lisenziya qazanacağımı fikirləşirdim. İlk cəhdimdə də 97 xal toplamağım çoxlarını təəccübləndirmişdi. Lakin sonra idmançılarımızdan birinin və mənim qripə yoluxmağımız planları pozdu. Çünki bizim idman növündə adi nəfəs güllənin istiqamətini dəyişir”.

Olimpiya mükafatçımız son 32 ildə istirahət etməməsinin də əziyyətini çəkdiyini bildirir: “Mən 32 ildir ailə qurmuşam. Lakin həyat yoldaşımla birgə ilboyu yarışlarda olmağım və məşqlər istirahəti ikinci plana keçirib. Yəni 32 il müddətində məzuniyyət nə olduğunu bilmirəm. Bəzən deyirlər yarışa gedən zaman istirahət üçün gözəl zəmin yaradır. Amma mən bir neçə ölkədə olsam da, orada yarış salonundan başqa yerə getməmişəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR