Dmitri Marşin: “London-2012-yə Azərbaycana ilk lisenziyanı mən qazandırdığımı bilmirdim” - EKSKLÜZİV

Dmitri Marşin: “London-2012-yə Azərbaycana ilk lisenziyanı mən qazandırdığımı bilmirdim” - <font color=red>EKSKLÜZİV</font>
# 24 iyun 2011 10:49 (UTC +04:00)
- İlk öncə sizi Belarusda keçirilən beynəlxalq turnirdə Olimpiya normativini yerinə yetirərək, lisenziyaya sahib olmağınız münasibəti ilə təbrik edirik. Bu uğur haqda təəssüratlarınız necədir?

- Təbrikə gözə çox sağ olun. Minskdə keçirən turnirdə uğurlu çıxış etmək mənim üçün çox vacib idi. Əlbəttə, Olimpiadaya lisenziya qazandığıma görə böyük sevinc içərisindəyəm. Bu yarışa İslandiyada keçirilən komandalararası Avropa çempionatından yollanmışdım. Orada qızıl medal qazansam da, Olimpiya normativini yerinə yetirə bilmədim. Bu səbəbdən lisenziya şansımı növbəti yarışlarda gözləyirdim. Açığı, Avropa çempionatından yorğun qayıtmışdım. Çünki İslandiyadan Belarusa uzun yol qət etməli olduq. Bu üzdən Minskdəki turnirdə yorğunluğum hiss olunurdu. Ancaq qarşımda duran vəzifə - normativi yerinə yetirib, London-2012-yə lisenziya qazanmaq idi. Şadam ki, bu dəfə istəyimə çatdım.

- Yorğun olduğunuzu nəzərə alsaq, məhz bu turnirdə öncədən uğur gözləyirdinizmi?

- Sözün düzü, Minskdə 100 faiz lisenziya qazanacağımı gözləmirdim. Ancaq 30 faiz ümidim var idi.

- Siz əslən Belarusdansınız. Komandamızda milliləşərək iştirak hüququ qazanmısınız. Bu mənada doğma divarlar sizə düşərli oldu...

- Sizinlə razıyam. Normativi Belarusda qazanmağım mənim üçün sevindirici oldu.

- Bu Azərbaycan komandasının ilk lisenziyası oldu. Bu barədə məlumatınız var idimi?


- Açığı, yox. Mən elə fikirləşirdim ki, Azərbaycanın bir neçə idmançısı lisenziya qazanıb. Sən demə, Londona yollanmaq şansı qazanan ilk idmançı mən olmuşam.

- Hər halda, Azərbaycanın London-2012-yə ilk lisenziyaçısı kimi tarixə düşdünüz...

- Bunu eşitmək mənim üçün çox xoşdur. Fürsətdən istifadə edib saytınız vasitəsilə təmsil etdiyim “Ümid” klubuna və onun prezidenti Mehdi Nağıyevə öz təşəkkürüm bildirirəm.

- Bu uğurdan sonra Azərbaycandan kimlər sizinlə əlaqə saxladı?

- Atletika federasiyasının və “Ümid” klubunun rəhbərliyi zəng edərək təbrik etdilər. Bu məni sevindirdi və diqqətə görə minnətdaram.

- İslandiyada qızıl medal qazansanız da, normativi yerinə yetirə bilmədiniz. Amma burada 3-cü olmaqla, lisenziya qazandınız. Bunları müqayisə etsək, yəqin ki, sonuncu yarışı daha uğurlu sayarsınız...

- Mən Avropa çempionatında komanda normativləri əsas götürüldüyündən lisenziya qazana bilmədim. Amma buradakı turnirdə şəxsi göstərici əsas götürülürdü. Üçüncü olsam da, normativi yerinə yetirdiyimdən arzumu reallaşdırdım. Əlbəttə, bu mənada Minskdəki turnir mənim üçün daha əhəmiyyətli oldu.

- Belaruslular sizin lisenziya qazanmağınızı necə qarşıladılar? Onlarda Olimpiadada iştirak hüququ qazanan yetirmələrini əldən buraxdıqlarına görə qısqanclıq yaranmadı ki?

- Yox. Hər halda, biz həmyerliyik. Onlar mənə bu turnirdə dəstək oldular və uğuruma sevindilər. Belaruslu insanlar əsasən mənə görə həyəcan keçirir, azarkeşlik edirdilər. Onlar xoş niyyətli insanlardır.

- İndiyə kimi ən yaxşı nəticəniz neçə metr olmuşdu?

- 74.01.

- Deməli, Minskdə keçirilən beynəlxalq turnirin çəkicatma yarışlarında 74,04 m nəticə göstərdiyinizi nəzərə alsaq, şəxsi rekordunuzu yenilədiniz...

- Doğrudur. Ümumiyyətlə, mən getdikcə nəticələrimi artırıram. Sadəcə bunları özlüyümdə qeyd etmirəm.

- Azərbaycan milli komandasına keçidiniz necə reallaşdı?


- Bu təşəbbüs məndən gəldi. Mən Azərbaycan Atletika Federasiyasına müraciət edərək, xidmətlərimi rəhbərliyə təklif etdim. Azərbaycanda çəkicatma növündə idmançının olub-olmaması ilə maraqlandım.

- Bəs Belarus yığmasında niyə çıxış etmədiniz?

- Bizdə bu növdə çoxlu atletlər var. Bunun üçün də əsas komandamızda gənclərə üstünlük verirlər. Yaşın 30-u keçəndən sonra yeni nəslə bel bağlayırlar. Mən də gənc olmadığımdan yığmadan kənar qalmışam. Hər halda, mənim 18 yaşım yoxdur. Artıq 39 yaşındayam.

- London-2012-yə harada hazırlaşmağı planlaşdırırsınız? Bakıya gəlməyiniz mümkündürmü?

- Azərbaycanda hazırlaşmağım üçün şərait lazımdır. Bununla yanaşı, ölkənizdə bu idman növü ilə məşğul olanlar da yoxdur. Lazımı şərait – stadion olanda gəlib orada hazırlaşaram.

- Ümumiyyətlə, gələcəkdə Azərbaycana bir dəfəlik köçmək barədə düşünürsüzmü?

- Prinsipcə, bu mümkündür. Mən artıq bu haqda düşünmüşəm.

- Siz ilk mərhələni arxada qoydunuz. Artıq sizi qarşıda daha məsul sınaq gözləyir. London Olimpiadasında məqsədiniz nə olacaq?

- Olimpiya Oyunlarına yollanan hər bir idmançı yalnız bir şey haqda düşünür – qızıl medal qazanmaq. Hamıya Olimpiya çempionluğu lazımdır. Ola bilər ki, kimsə Olimpiadaya yalnız iştirak üçün gedir. Amma əksəriyyət bu möhtəşəm yarışın qalibi olmaq istəyir.

- Sözünüzdən belə çıxır ki, siz Londona iştirak üçün deyil, medal qazanmaq üçün yollanacaqsınız...

- Əlbəttə. Mən yalnız iştirakı yetərli saymıram.

- Olimpiya medalını qazanmağı real sayırsınızmı? Yəqin ki, bu yaşda belə uğur qazanmaq ən böyük arzunuz olacaq...

- Medal qazanmaq hər bir insanın ən böyük arzusudur. Londonda necə çıxış edəcəyimi zaman göstərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR