Rüstəm Orucov: “Tokioya bayraq aparmaq yox, onu qaldırmaq üçün gedəcəm”

Rüstəm Orucov

© APA | Rüstəm Orucov

# 25 iyun 2021 16:25 (UTC +04:00)

“Bayraqdar olacağımı gözləmirdim. Mənim üçün böyük sürpriz oldu”.

Bunu apasport.az saytına Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin bayraqdarı olacaq cüdoçu Rüstəm Orucov deyib.

Olimpiadada 73 kq çəki dərəcəsində mübarizə aparacaq Orucov bayraqdar seçildiyi üçün sevincli olduğunu bildirib. Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Tokioda hədəfinin çempionluq olacağını sözlərinə əlavə edib: “Sevincimin həddi-hüdudu yoxdur. Bir dəfə Avropa Oyunlarında bayraqdar olmuşam. İkinci dəfə seçilməyim xoş sürprizdir. Məni bayrağı aparmağa layiq görənlərə təşəkkür edirəm. Bu mənim üçün şərəfdir. Amma onu bildirim ki, mən daha çox bayraq aparmaq yox, onu qaldırmaq və himnimizi səsləndirmək üçün Tokioya gedəcəm”.

Qeyd edək ki, bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında vitse-prezident Çingiz İsmayılov Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını Rüstəm Orucovun daşıyacağını açıqlayıb. 2016-cı ildə Braziliyada keçirilən Olimpiadada millimizin heyətində heç kim qızıl medal qazanmadığından, gümüş mükafatçı Orucov bu şərəfə layiq görülüb.

Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR