Mayın sonunadək Qazaxıstanda Azərbaycan ticarət evi açılacaq

#
# 15:37
29 aprel 2021

Bu ilin may ayının sonunadək Qazaxıstanda Azərbaycanın ticarət evinin rəsmi açılış mərasimi baş tutacaq.

APA-Economics”in məlumatına görə, bunu “Caspian Energy Club” tərəfindən təşkil olunmuş “Azərbaycan-Qazaxıstan onlayn B2B Forum”da çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov deyib.

Onun sözlərinə görə, gələcəkdə sözügedən ticarət evinin Qazaxıstanın müxtəlif bölgələrində filial şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.

“Ticarət evinin açılmasında həm qazaxıstanlı istehlakçıları, həm də Azərbaycan istehsalçıları maraqlıdır. Biz öz tərəfimizdən bu əlaqələrin qurulmasına və Qazaxıstanda yaradılan müəssisə və təşkilatların fəaliyyətinə yardım göstərmişik və gələcəkdə də köməklik göstərəcəyik”, - deyə səfir qeyd edib.

O həmçinin əlavə edib ki, yaxın günlərdə ümumi dəyəri təxminən 200 mln. ABŞ dolları olan yeni investisiya layihəsinə ziyarət təşkil olunacaq. Söhbət Qazaxıstanda yeganə ətir fabrikindən gedir ki, bu fabrikin inşası Azərbaycan investorları tərəfindən icra olunur.

Səfirin sözlərinə görə, Azərbaycan investorları Qazaxıstanda bir sıra mühüm layihələrin icrasında iştirakçı qismində çıxış edirlər. Bunların sırasına fabriklərin inşası, xidmət şirkətlərinin yaradılması, neft və qaz-kondensat yataqlarının işlənməsi daxildir. Bundan başqa, layihələr sırasına pambıq emalı zavodları, taxıl terminalları, gəmi təmiri zavodları, plastik boru zavodu, polietilen məhsul istehsalı zavodu, Aktauda logistik mərkəz və s. daxildir: “Hazırda Aktauda transformator zavodu tikilir. Bu yaxınlarda isə Azərbaycan sahibkarları tərəfindən Qazaxıstanda boya istehsalına start verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR