ABŞ-da yaşayan azərbaycanlı iş adamı Paul Murad: “Dünyada baş verən maliyyə böhranı hələlik Azərbaycana ciddi təsir göstərməyib”

ABŞ-da yaşayan azərbaycanlı iş adamı Paul Murad: “Dünyada baş verən maliyyə böhranı hələlik Azərbaycana ciddi təsir göstərməyib”
# 20 oktyabr 2008 10:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün ABŞ-da yaşayan iş adamı Paul Murad mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, P. Murad 1975-ci ildə Bakıda anadan olduğunu, 1992-ci ildən isə ABŞ-da yaşadığını deyib. O Rusiya, İspaniya və Çində təhsil aldığını vurğulayıb: “Nevada ştatının Las-Veqas şəhərində daşınmaz əmlak üzrə investisiyalar yatıran, inkişaf planları tərtib edən “Metroplex” Şirkətlər Qrupunun prezidentiyəm. Təhsili Oklahoma ştatındakı Tulsa Universitetində maliyyə və beynəlxalq biznes ixtisası üzrə tamamlamışam”. Dünyada baş verən maliyyə böhranı barədə də danışan azərbaycanlı iş adamı bildirib ki, bu problem hələlik Azərbaycana ciddi təsir göstərməyib. ABŞ-da isə bəzi insanlar ipoteka və ya adi kreditlə aldıqları mənzilləri banklara qaytarmaq məcburiyyətində qalıblar. Ölkənin iri iqtisadi qurumlarının bir neçəsi müflis olmaq dərəcəsinə çatıb. Hələlik Azərbaycanda biznes qurmadığını deyən P. Murad bu fikirdə olduğunu inkar etməyib: “Ötən 50 il ərzində ABŞ-da insanlar şəhər mərkəzlərindən kənarlarda yaşamağa üstünlük verirdilər. Buna görə də şəhər mərkəzləri yalınız iş məqsədləri üçün istifadə edilirdi. Son bir neçə ildə isə insanlar yenidən mərkəzlərdə tikilən mənzillərə üstünlük verirlər. Azərbaycanda isə insanlar həm mərkəzdə, həm də şəhər kənarlarında yaşayırlar. Bu daşınmaz əmlakın inkişafı baxımından yaxşı göstəricidir. Bir müddət əvvəl isə ABŞ-da və bəzi digər ölkələrdə fəaliyyət göstərən şirkətlər Azərbaycanda biznes qurulması üçün müvafiq əlaqələr yaradılması xahişi ilə mənə müraciət etdilər. Həmin şirkətlər dünya miqyasında fəaliyyət göstərirlər və mənim vətənimdə də biznes qurmaq istəyirlər. İstənilən halda vətənimdə biznes əlaqələrinin qurulmasında maraqlıyam və bu layihələrin yaxşı nəticələr verəcəyinə inanıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR