Bakıda Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrinin təqdimatı keçirilib

Bakıda Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrinin təqdimatı keçirilib
# 12 dekabr 2008 11:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetovun yerli iş adamları ilə görüşü keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən S.Primbetov «Qazaxıstanın 30 Korporativ Lideri» proqramı çərçivəsində təmsil etdiyi ölkədə icra olunan iri layihələr haqqında məlumat verib. Səfir qeyd edib ki, hazırda Qazaxıstanda ümumi dəyəri 54 mlrd. ABŞ dolları olan 45 iri layihə həyata keçirilir. Bunların 28-i istehsalat, 17-si isə infrastruktur sahələrini əhatə edir.
«Hazırda bu layihələrin 27-si reallaşma mərhələsindədir və 9 layihənin icrası artıq gələn il başa çatacaq ki, bunların reallaşmasına 3 mlrd. dollar vəsait ayrılıb. Layihələr üzrə monitorinq keçirilir və maliyyə böhranına baxmayaraq, bütün layihələr nəzərdə tutulmuş qrafiklə aparılır», - deyə S.Primbetov bildirib.
Bundan başqa səfir qeyd edib ki, cari il ərzində Qazaxıstanda 7 iri layihə həyata keçirilib və bunların icrasına 1,6 mlrd. dollar vəsait sərf olunub.
S.Primbetov həmçinin bildirib ki, son 5 il ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 5 dəfə artıb və 2008-ci ildə 405 mln. dollara çatıb.
Səfir iki ölkə arasında əməkdaşlığın yaxşılaşdırılması üçün Azərbaycan və Qazaxıstan iş adamları arasında mütəmadi görüşlərin keçirilməsi və azərbaycanlı iş adamlarının Qazaxıstandakı layihələrdə iştirak etməsini təklif edib: «Qazaxıstanda həyata keçirilən bir sıra layihənin icrasına hökumət və dövlət şirkətləri tərəfindən dəstək göstərilir».
Tədbirdə çıxış edən Aktau şəhərinin vitse-meri Dmitri Klinçev isə qeyd edib ki, Azərbaycanın «Caspian Servise» tikinti şirkəti şəhərdə yaşayış binası tikib və artıq istifadəyə verib: «Biz bu tikilən binadan çox razı qalmışıq və hazırda ümumi dəyəri 30 mlrd. dollar olan «Aktau City»nin tikintisində Azərbaycanın tikinti şirkətlərini iştirak etməyə dəvət edirik».
Qeyd edək ki, görüşdə «Qazaxıstanın 30 Korporativ Lideri» proqramı çərçivəsində bu ölkədə həyata keçirilən infrastruktur layihələrinin təqdimatı keçirilib. Təqdimat Şimali Qazaxıstan-Aktübinsk vilayəti regionlararası elektrik enerjisi xəttinin çəkilməsi, Astana-Şüçinsk avtomobil yolunun inşası, Qərbi Avropa-Qərbi Çin avtomobil yolları tranzit dəhlizinin yenidən qurulması, Aktau limanının Şimal istiqamətində genişləndirilməsi, Qazaxıstanda Əczaçılıq Logistika Mərkəzinin yaradılması və digər layihələr ətrafında təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR