Maliyyə böhranı Azərbaycandakı Türkiyə kapitallı şirkətlərə də təsir göstərib

Maliyyə böhranı Azərbaycandakı Türkiyə kapitallı şirkətlərə də təsir göstərib
# 06 aprel 2009 14:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya maliyyə böhranı Azərbaycanda fəaliyyət göstərən Türkiyə kapitallı şirkətlərin də fəaliyyətinə mənfi təsir göstərib.

Azərbaycan-Türkiyə İş Adamları Birliyindən (ATİB) «APA-Economics»ə verilən məlumata görə, maliyyə böhranı nəticəsində bəzi şirkətlərin, xüsusilə də inşaat sektorunda çalışan şirkətlərin fəaliyyətində zəifləmə müşahidə olunur. Ümumilikdə, ATİB üzvü olan Türkiyə kapitallı şirkətlərdən bu müddətədək fəaliyyətini dayandıran olmayıb. Hazırda ATİB-də 88 şirkət təmsil olunur.

Azərbaycan-Türk Sənayeçiləri və İş Adamları Birliyi (TUSİAB) üzvü olan şirkətlərin də bəzilərinin fəaliyyətində durğunluq müşahidə olunur. Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, böhranla əlaqədar bəzi şirkətlərin fəaliyyətində zəifləmə müşahidə olunsa da, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərindən fəaliyyətini dayandıran və ya müflis vəziyyətə düşən olmayıb.

Böhrana baxmayaraq, nə ATİB, nə də TUSİAB üzvü olan şirkətlər hələ ki işçilərin ixtisarını aparmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 230-dan artıq Türkiyə şirkətinin yatırdığı sərmayə 2 mlrd. dollardan çoxdur. Bu şirkətlərdə 30 min nəfər yerli və xarici işçi çalışır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR