Azərbaycan Bakı-Ceyhan kəməri ilə neftin nəqlini bərpa edib

Azərbaycan Bakı-Ceyhan kəməri ilə neftin nəqlini bərpa edib
# 21 avqust 2008 08:25 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə hasilat işləri ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru «BP-Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib.
«Biz belə bir qərara gəldik ki, neftin nəqlini bərpa edərək BTC-nin Türkiyə hissəsində boru kəmərinin bərpa edilmiş hissələrini sınaqdan keçirək. Hazırda neft məhdud həcmdə və arabir nəql olunur», - deyə T.Bayatlı bildirib.
T.Bayatlı həmçinin qeyd edib ki, neftin tam həcmlə nəqli sınaq başa çatdıqdan sonra bərpa olunacaq.
Qeyd edək ki, avqustun 6-da səhər saatlarında BTC-nin Türkiyə hissəsində boru kəmərinin 30-cu siyirtmə qurğusunda yanğın baş verib. Nəticədə, neftin nəqli dayandırılıb.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında BTC kəməri ilə 20,913 mln. ton neft nəql edilib və bu, əvvəlki ilin eyni dövrünün analoji göstəricisini təxminən 30,5% üstələyir.
Ümumilikdə isə, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 22,3 mln. ton həcmində neft ixrac olunub ki, bu da 2007-ci ilin analoji 7 aylıq göstəricisi ilə müqayisədə 20,6% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR