«Suraxanı Oil» şirkəti yanvar-iyul aylarında neft hasilatını 14% artırıb

«Suraxanı Oil» şirkəti yanvar-iyul aylarında neft hasilatını 14% artırıb
# 26 avqust 2008 11:25 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın quru sahəsində yerləşən «Suraxanı» yatağının işlənməsi ilə məşğul olan «Suraxanı Oil» Əməliyyat Şirkəti 2008-ci ilin yanvar-iyul ayları ərzində 81,7 min ton neft hasil edib. Bu isə 2007-ci ilin analoji 7 aylıq göstəricisi ilə müqayisədə 13,6% çoxdur. İyul ayında isə hasilatın səviyyəsi 13,7 min tona bərabər olub. Bu barədə «APA-Economics»ə «Suraxanı Oil» Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd edək ki, «Suraxanı» yatağının işlənməsinə dair PSA tipli saziş 2005-ci ilin avqust ayının 16-da ARDNŞ-la «Rafi Oil» şirkəti (BƏƏ) arasında imzalanıb. Sayca 26-cı PSA sazişi olan bu müqavilədə «Rafi Oil» şirkətinin iştirakı payı 75%, ARDNŞ-in payı isə 25% təşkil edir. Müqavilə 25 il müddətində icra olunacaq.
Bu müddətin ilk iki ili ərzində «Rafi Oil» şirkəti «Suraxanı» yatağında neft hasilatını 1,5 dəfə artırmalıdır. Hasil edilən səmt qazı isə tam həcmdə təmannasız olaraq Azərbaycan tərəfinə veriləcək. Xarici investor tərəfindən öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə ARDNŞ müqaviləni pozmaq hüququna malikdir.
Xatırladaq ki, «Suraxanı» yatağı 1904-cü ildən işlənilir və hasilatın ən yüksək səviyyəsi 1931-ci ildə (4,187 mln. ton) əldə olunub. Müqavilə sahəsi 13 kv. km təşkil edən bu yataqda indiyədək 2503 quyu qazılıb. Yatağın qalıq ehtiyatları 6,822 mln. ton neft həcmində qiymətləndirilir. Bütün istismar dövrü ərzində «Suraxanı» yatağından 114,5 mln. ton neft və 10 mlrd. kubmetrdən artıq qaz hasil olunub. Layihənin icrasının birinci mərhələsində sərmayə qoyuluşu 100 mln. dollar təşkil edib və gələcəkdə bu göstəricinin 400 mln. dollara çatacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR