Azərbaycan Dövlət Neft Şirkəti «Ümid» qaz-kondensat strukturunda kəşfiyyat-qazma işlərinə başlamağı planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti «Ümid» qaz-kondensat strukturunda kəşfiyyat-qazma işlərinə başlamağı planlaşdırır
# 29 avqust 2008 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ikinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Azneft» İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsi tərəfindən istismara hazırlanan «Ümid» perspektiv qaz-kondensat strukturunda kəşfiyyat-qazma işlərinə başlanmasını planlaşdırır.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hazırda bu istiqamətdə ciddi işlər görülür. Artıq ARDNŞ-in «Neftqaztikinti» tresti «Ümid-1» qaz hasilatı platformasında yerləşdiriləcək üçmərtəbəli yaşayış blokunun inşasına başlanılıb. Bundan əlavə, şirkətin Ekologiya İdarəsi «MPK-452» elmi-tədqiqat gəmisi vasitəsilə «Ümid» yatağında ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi üçün ekoloji monitorinq işləri həyata keçirib. Ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi üçün stansiyalar axınlar nöqteyi nəzərindən çirklənmənin bu akvatoriyada maksimum mümkün olmasını nəzərə almaqla seçilmiş və dərinliyi 55-60 metr olan 20 stansiyada tədqiqat işləri aparılıb. Bu günlərdə isə Geofizika və Geologiya İdarəsi «Ümid» strukturunda axtarış-kəşfiyyat işlərinin bərpa edilməsi haqqında ARDNŞ-in müvafiq əmrinə uyğun olaraq, həmin sahədə stasionar özülün tikintisi üzrə tələb olunan lazımi müfəssəl mühəndis-geoloji işləri başa çatdırıb. Ərazidə ümumi keçidi 720,4 metr olan 5 ədəd mühəndis-geoloji quyu qazılıb, 36 km fasiləsiz seysmoakustik profilləmə, 100 km batimetriya (dərinlik ölçü işləri), eləcə də 42 km sonar planlama işləri yerinə yetirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR