Azərbaycanda elektron su sayğacları istehsal olunacaq

Azərbaycanda elektron su sayğacları istehsal olunacaq
# 03 sentyabr 2008 11:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın «Gəncə Sənaye-Cihaz» Açıq Səhmdar Cəmiyyəti ilk dəfə olaraq, elektron kartlı su sayğaclarını istehsal edəcək. Bu barədə «APA-Economics»ə açıqlamasında «Gəncə Sənaye-Cihaz» ASC-nin İdarə Heyətinin sədri Faiq Yelisuyski məlumat verib.
Sədrin sözlərinə görə, yaxın 6-7 ay ərzində müasir texnologiya əsasında yeni məhsulun istehsalına başlanacağı gözlənilir. Hazırda isə bu prosesə hazırlıq işlər görülür. Hələ keçmiş SSRİ dövründə su sayğacları istehsal etdiklərini deyən F.Yelisuyskinin sözlərinə görə, elektron kartlı su sayğaclarının istehsalına başlamaq üçün 2 mln. avro həcmində vəsait tələb olunur. Yeni məhsullar ilkin mərhələdə yalnız Azərbaycan bazarı üçün nəzərdə tutulur: «Biz hökumətə təklif edirik ki, su sayğacları da elektron kartla olsun. Adi sayğaclar üzrə olan ödəmələr zəif olduğu halda, smart-kartlı sayğaclarda ödəmə demək olar ki, 100% icra olunur. Çünki bu sayğacın abonentləri ödəməni əvvəlcədən həyata keçirir».
F.Yelisuyski həmçinin bildirib ki, yaxın 2 il ərzində şirkət elektrik enerjisi sayğaclarının da istehsalı üçün işlərə başlamağı planlaşdırır.
Qeyd edək ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 2006-cı ildə «Gəncə Sənaye-Cihaz» zavodunun özəlləşdirilməsi ilə bağlı tender elan edib. Tenderin qalibi olan «Gulf Service» MMC zavoda 4 mln. avro dəyərində investisiya qoyuluşuna dair öhdəlik götürüb. Artıq investisiya proqramını tam yerinə yetirən «Gulf Service» Fransanın «Aktaris» şirkəti ilə birgə istehsalat prosesində yeni texnologiyaların tətbiqinə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR