Azərbaycan bu il elektrik enerjisi istehsalı gücünü 15% artıracaq

Azərbaycan bu il elektrik enerjisi istehsalı gücünü 15% artıracaq
# 05 sentyabr 2008 11:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Qarşıdakı payız-qış mövsümündə Azərbaycanda əhalinin elektrik enerjisi ilə təchizatında problemlər yaranmayacaq. Bunu «APA-Economics»ə açıqlamasında «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.
M.Əsgərovun sözlərinə görə, qrafik əsasında elektrik stansiyaları, yarımstansiyalar, transformator məntəqələri və elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri aparılıb. «Bundan əlavə, ilin sonuna qədər yeni güclər əldə olunacaq. Bu il 300 MVt gücə malik Səngəçal və 517 MVt gücə malik Sumqayıt elektrik stansiyalarının istismara verilməsi ilə generasiya gücümüz 817 MVt artacaq», - deyə M.Əsgərov qeyd edib.
«Azərenerji» rəsmisinin sözlərinə görə, elektrik stansiyalarında aparılan təmir işləri nəticəsində enerji istehsalında itkilərin azalması və istehsalın artımı gözlənilir.
M.Əsgərov elektrik verilişi xətlərinin yenidən qurulması istiqamətində layihələrin hazırlandığını da bildirib. «Azərenerji» rəsmisi qeyd edib ki, bəzi xətlərin öz texniki istismar müddətini çoxdan başa vurmasına baxmayaraq, onlardan hələ də istifadə edilir. Məsələn, Mingəçevir elektrik stansiyasından enerji ötürən xətlər 1952-1954-cü illərdə çəkilib.
M.Əsgərov bu il «Azərenerji»nin elektrik stansiyalarının mazutla təchizatında heç bir probleminin olmayacağını da vurğulayıb.
Qeyd edək ki, 2007-ci ildə Azərbaycanın məcmu generasiya gücü 5500 MVt-ı keçib. Hazırda Azərbaycanda 6 SES və 10 İES fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR