BTC üzrə əməliyyat və əsaslı xərclər kəskin artıb

#
# 13:41
29 aprel 2021

Bu ilin I rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 41 mln. ABŞ dolları sərf edilib ki, bu da illik müqayisədə 64% çoxdur.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, əsaslı xərclərə isə təqribən 6 mln. dollar sərf edilib (iki dəfə artım).

Hesabata əsasən, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 482 mln. tondan artıq (3,62 mlrd. barel) xam neft nəql edilmiş və Ceyhanda 4 729 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Cari ilin I rübündə BTC vasitəsilə 6,7 mln. ton (-13%) xam neft və kondensat ixrac olunub və Ceyhanda 70 tankerə yüklənib (-7,9%).

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), AzBTC (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR