"Equinor"un xalis mənfəəti ötən il kəskin azalıb

"Equinor"un xalis mənfəəti ötən il kəskin azalıb
# 06 fevral 2020 12:22 (UTC +04:00)

Ötən il Norveçin "Equinor ASA" şirkətinin xalis mənfəəti 4 dəfədən çox azalaraq 1,85 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, təkcə 2019-cu ilin IV rübündə "Equinor ASA"nın xalis zərəri 230 mln. dollar, həmin ilin III rübündə isə xalis zərər 1,1 mlrd. dollara bərabər olub.

2019-cu il 31 dekabra şirkətin cəmi aktivləri 118 063 mln. dollar təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 4,9% çoxdur. Cəmi öhdəliklər isə 1% artaraq 76 904 mln. dollara çatıb.

Hasilata gəldikdə isə, ötən il “Equinor” 1 099 mln. barel qaz və 2 074 mln. barel neft hasil edib ki, bu da illik müqayisədə müvafiq olaraq 3% və 2% azdır.

Şirkətin neft və qaz satışlarında da azalma qeydə alınıb. Belə ki 2019-cu il ərzində “Equinor” 762,2 mln. barel neft və birbaşa 52,2 mln. kubmetr qaz satıb ki, bu da 2018-ci illə müqayisədə müvafiq olaraq 10% və 1% azdır.

Xatırladaq ki, "Equinor" şirkəti (2018-ci ilədək "Statoil" – red.) Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə 2049-cu ilədək uzadılmış Hasilatın Pay Bölgüsü Sazişinin (7,27%) və Bakı-Tbilisi-Ceyhan (8,71%) neft boru kəmərinin iştirakçısıdır. 30 may 2018-ci il tarixində SOCAR və "Equinor" arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" sazişləri imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR