Almaniya şirkətləri Azərbaycanın bərpa olunan enerji bazarını yerində araşdıracaq

Almaniya şirkətləri Azərbaycanın bərpa olunan enerji bazarını yerində araşdıracaq
# 09 sentyabr 2021 18:41 (UTC +04:00)

Bərpa olunan enerji sahəsindən fəaliyyət göstərən Almaniya şirkətləri Azərbaycan bazarını yerində araşdırmaq məqsədilə Bakıya və Azərbaycanın kənd bölgələrinə dəvət olunub.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar 2022-ci ilin əvvəlində işgüzar səfərin təşkil olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin 8-10 sentyabr tarixlərində “AHK Azərbaycan”, “Renewables Academy” (RENAC) ilə birgə təşkilatçılığı ilə Azərbaycandakı enerji mütəxəssisləri üçün Almaniyaya virtual nümayəndə heyəti səfərini həyata keçirib.

Üçgünlük proqramın ilk iki günü ərzində 22 Azərbaycan və 15 Almaniya şirkəti iki ölkənin müxtəlif qurumları ilə bir araya gələrək, iştirak edən nümayəndələrə bərpa olunan enerji mənbələri vasitəsilə enerji təchizatı sahəsində Almaniyanın həll yanaşmaları haqqında hərtərəfli məlumat verib.

Virtual missiya Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyinin dəstəklədiyi Alman Enerji Həlləri Təşəbbüsü (German Energy Solutions Initiative) layihəsi çərçivəsində həyata keçirilib.

AHK Azərbaycanın İcraçı direktoru, Tobias Baumann enerji bazarının hazırkı tendensiyaları, əsas bazar oyunçuları və ən son texnologiyaları haqqında praktiki məlumatlar verib.

“Enerji mütəxəssisləri üçün virtual nümayəndə heyəti səfəri, bərpa olunan enerjilər sahəsində Azərbaycan və Almaniyanın əsas oyunçuları arasında mübadiləni gücləndirdi. Xüsusilə, külək və günəş enerjisi sahəsində, Azərbaycanın iqlim şəraiti səbəbindən böyük imkanlar var”, - deyə T. Baumann qeyd edib.

Əsas müzakirə mövzuları Almaniyanın enerji keçidindən öyrənilmiş təcrübələr, eləcə də Azərbaycanın qarşısında duran çətinlik və imkanlar oldu.

Alman şirkətləri ağıllı kəndlərin ən yaxşı nümunələrini də nümayiş etdirərək öz enerjisi ilə özünü təmin edə bilən Feldheim kəndini misal gətirib.

İştirakçılar virtual şəkildə tətbiq etdikləri texnologiya həllərini nümayiş etdirən alman istinad obyektləri və şirkətlərini ziyarət edib. Alman şirkətləri öz məhsullarını və həll yollarını azərbaycanlı iştirakçılara təqdim edəcək və alman şirkətləri ilə əlaqə saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR