BP dayazsulu Abşeronda ikinci quyunun qazılacağı vaxtı açıqlayıb

BP dayazsulu Abşeronda ikinci quyunun qazılacağı vaxtı açıqlayıb
# 06 iyul 2021 10:53 (UTC +04:00)

Abşeron yarımadası ətrafında dayazsulu sahəsində (AYDS/SWAP) ikinci kəşfiyyat quyusunun (BHEX01) qazılmasına 2021-ci ilin IV rübündə başlanılması planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə BP şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi ictimaiyyətə təqdim etdiyi AYDS-in kəşfiyyat-qazma fəaliyyətləri (ikinci quyu) üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsində qeyd olunur.

Sənədə əsasən, qazma işlərinin təxminən 3 ay ərzində tamamlanacağı gözlənilir.

"Əlavə 1 ay müddətində də qiymətləndirmə məqsədli yan lülənin qazılması planlaşdırılır ki, bu da BHEX01 kəşfiyyat quyusunun qazılmasının uğurla tamamlanmasından sonra bir sıra hədəflər əldə edildiyi təqdirdə qazılacaq", - sənəddə qeyd olunur.

Əsas variantda ehtimal edilir ki, qazma fəaliyyətləri 2021-ci ilin noyabr ayında başlayacaq, lakin ehtiyat üçün nəzərdə tutulur ki, logistika yaxud əməliyyatlar səbəbindən gecikmə olduğu təqdirdə və əvvəlki təcrübəyə və ən yaxşı hesablamalara əsasən 2 ayadək gecikmə baş verə bilər.

"Quyunun üst intervalını qazarkən problemlər meydana çıxdığı təqdirdə, quyu dəniz dibindəki ilkin yerindən 500 metr məsafə daxilində təkrar qazıla bilər", - hesabatda deyilir.

Xatırladaq ki, AYDS müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. Bu sənəd ikinci kəşfiyyat quyusunu əhatə edir. Həmin quyu qurudan təxminən 1,5 km məsafədə, suyun təxminən 7 m dərinliyində (potensial karbohidrogen ehtiyatı dəniz dibindən təqribən 4 000 m aşağıda) yerləşən Qərb perspektiv sahəsində qazılacaq.

Onu da əlavə etmək lazımdır ki, layihə çərçivəsində birinci quyunun (NKX01) qazılmasına avqust ayında başlanılacaq. SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.

Qeyd edək ki, sözügedən sahədə qazma işləri Azərbaycana gətirilən Qazaxıstanın "Satti" qazma qurğusundan (modifikasiyadan sonra) aparılacaq.

BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin dekabr ayında Hasilatın Pay Bölgüsü haqqında Sazişi (HPBS) imzalayıb. 2015-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi həmin Sazişi ratifikasiya etdi. Sazişə əsasən "BP Exploration (Caspian Sea) Ltd" şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və SOCAR isə qalan 50% paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR