"SOCAR-Petrofac" BP ilə AÇG layihəsi üzrə müqavilə imzalayıb

"SOCAR-Petrofac" BP ilə AÇG layihəsi üzrə müqavilə imzalayıb
# 24 iyun 2021 13:14 (UTC +04:00)

SOCAR və “Petrofac” şirkətlərinin birgə müəssisəsi “SOCAR-Petrofac” bp şirkətinin Azərbaycanda əməliyyatçısı olduğu Mərkəzi-Şərqi Azəri (ACE) layihəsini dəstəkləmək üçün BP Azərbaycan şirkəti ilə 25 mln. dollar dəyərində yeni saziş imzalanıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, saziş çərçivəsində layihənin quruda və dənizdə obyektlərin istismara verilməsi və tənzimlənməsi, habelə digər sahələr üzrə mütəxəssislər, eləcə də yardımçı xidmətlər ilə təminatı həyata keçiriləcək.

Məlumata görə, ACE layihəsi Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlar blokunun işlənməsinin hazırkı mərhələsidir. Layihə çərçivəsində yeni dəniz özülünün tikintisi və quraşdırılması, gündəlik 100 000 barelədək neft hasil olunması nəzərdə tutulur. Hazırda tikinti işləri davam edir. İlk neftin hasilatı 2023-cü ildə gözlənilir.

“SOCAR-Petrofac” ACE özülünün Bayıl istehsalat sahəsində SOCAR-ın “Azfen” şirkəti tərəfindən tikilməkdə olan üst modulunun təhvil verilməsi üçün mütəxəssislər təyin edəcək. Platformanın üst hissəsi quruda istismara təhvil verildikdən sonra dənizə yola salınacaq və özülün dayaq bloku üzərində yerləşdiriləcək. “SOCAR-Petrofac”ın əməkdaşları tərəfindən həyata keçiriləcək işlər əsasən mexaniki və elektrik quraşdırma, avadanlıqların yerləşdirilməsi və telekommunikasiya xidmətlərini əhatə edir.

SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov demişdir: “Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlar bloku Azərbaycanın neft sənayesinin ən gəlirli aktividir. AÇG üzrə müqavilə 2050-ci ilə qədər uzadılandan sonra, burada hasilatın dayanıqlığını təmin etmək üçün yeni müasir tipli ACE dəniz özülünün tikintisinə start verilib. Ölkəmiz üçün olduqca əhəmiyyətli olan bu layihədə “Petrofac” şirkəti ilə birgə müəssisəmiz də xidmət göstərərək, öz töhfəsini verəcək. Bu gün SOCAR-ın törəmə şirkətləri və birgə müəssisələri Azərbaycanda nəhəng neft-qaz layihələri həyata keçirən əməliyyatçılara yüksək səviyyədə xidmətlər göstərir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda neft-qaz özüllərinin, boru kəmərlərinin, zavodların, müxtəlif təyinatlı qurğu və gəmilərin tikintisi və quraşdırılması əsasən yerli mütəxəssislər tərəfindən icra olunur. Nəticədə, Azərbaycan vətəndaşları üçün yeni iş yerləri yaranır, onların rifah halı təmin olunur”.

“Petrofac” şirkətinin təlim xidmətləri bölməsinin qlobal rəhbəri Petti Eyd belə şərh vermişdir: “İndi bağladığımız saziş Azərbaycanda həyata keçirilmiş fəaliyyətimizin uğurlarına əsaslanır. “SOCAR-Pterofac” birgə müəssisəsi bp-nin Xəzər dənizindəki əməliyyatlarını daha geniş miqyasda dəstəkləmək üçün böyük imkanlara malikdir. Bu layihə çoxlu sayda iş yerlərinin yaradılmasına yol açır. Saziş müddətində 200 nəfərə yaxın mütəxəssisin işə cəlb olunması, obyektlərin təhlükəsiz və uğurla istismara verilməsi üçün tələb olunan bütün yardımçı xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur”.

“SOCAR-Petrofac” birgə müəssisəsi 2017-ci il dekabrın 5-də SOCAR və “Petrofac” şirkətləri tərəfindən ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə yaradılmışdır. Müqaviləyə əsasən birgə müəssisədə SOCAR-ın səhm payı 51%, Petrofac şirkətinin payı 49% nisbətində müəyyən edilmişdir. Birgə müəssisənin yaradılmasında təsisçi şirkətlər öz imkanlarından istifadə edərək, neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək vermək məqsədi daşıyırlar. Birgə müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrinə dəstək verir, bu layihələrdə çalışan işçilər üçün daha mükəmməl və müasir proqramlar əsasında təlim-tədris xidmətləri təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR