“Ölü doğulmuş” Minsk Qrupunu reanimasiya etmək cəhdləri - TƏHLİL

“Ölü doğulmuş” Minsk Qrupunu reanimasiya etmək cəhdləri - <span class=TƏHLİL'>
# 05 may 2021 14:05 (UTC +04:00)

Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında baş tutmuş telefon danışığında liderlər Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı da müzakirələr aparmış, vəziyyətin sabit qalması və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci bəyanatlarının həyata keçirilməsi ilə bağlı işin davam etməsindən məmnun olduqlarını bildirmişdi.

Bundan başqa, ATƏT-in Minsk Qrupu xətti də daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektlərinin koordinasiyası ilə bağlı qarşılıqlı hazırlıq da ifadə olunmuşdu.

Fransanın İrəvandakı səfiri isə bildirib ki, Fransa və Rusiya prezidentlərinin telefon danışığı zamanı ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər.

Baş verənlər kimlərinsə “ölü doğulmuş” qurum olan Minsk Qrupunu reanimasiya etmək cəhdinə oxşayır və bu cəhdlər təəccüb doğurur. Bütün dünya bilir və görür ki, ATƏT-in Minsk Qrupu 30 ilə yaxın müddətdə münaqişənin həlli istiqamətində heç bir müsbət irəliləyişə nail ola bilmədi. Artıq münaqişənin tarixdə qaldığı bir vaxtda yenidən bu qurumun vasitəçilik missiyasından danışılması əlbəttə ki, qəbuledilməzdir. Azərbaycan 44 günlük savaş nəticəsində ərazi bütövlüyünü öz hesabına bərpa edə, BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını öz gücünə reallaşdıra bilib.

10 noyabr birgə Bəyannaməsi silahlı erməni birləşmələrinin ləğvi və köçkün azərbaycanlıların Xankəndi və digər ərazilərə qayıtmasını ehtiva edir. Minsk Qrupu nədənsə bunu həyata keçirmək istəmir, yenə də mücərrəd vasitəçilik missiyasından dəm vurur.

Fransa və Rusiya prezidentlərinin telefon danışığı zamanı hansı məsələyə toxunmalarından asılı olmayaraq, Moskva və Paris Azərbaycanın separatçı ermənilərə status verməyəcəyini yaxşı bilir. Heç bir qüvvə Bakını buna vadar edə bilməz.

Görünən budur ki, İrəvan hələ də ATƏT-in Minsk Qrupundan dəstək gözləyir. Ermənistan ordusunun tam məhv olduğu, ölkədə siyasi sabitliyin pozulduğu, sosial və iqtisadi böhran yaşandığı, beynəlxalq arenada təkləndiyi bir zamanda İrəvan ATƏT-in  Minsk Qrupundan mədət umur. 30 il ərzində səmərəsiz bir qurum olduğunu sübuta yetirən ATƏT-in Minsk Qrupuna ümid bəsləmək isə siyasi naşılığın nümunəsidir.

Onu da qeyd edək ki, Azərbaycan xalqı 30 il ərzində bu quruma heç vaxt ümid bəsləməyib. 44 günlük savaş nəticəsində isə ATƏT-in Minsk Qrupu tam fiaskoya uğradı. Azərbaycan hərb və siyasi müstəvidə öz sözünü deyə bildi və tarixi Zəfərlə münaqişəyə son qoydu. Artıq nə savaş, nə Dağlıq Qarabağ adlı münaqişə və coğrafi məfhum mövcuddur. Artıq nə cəbhə, nə təmas xətti, nə status-kvo, nə də statusla bağlı müzakirələr var. Odur ki, Minsk Qrupuna və həmsədrlərə də artıq ehtiyac qalmayıb.

Həmsədrlər heç olmasa, bundan sonra fəaliyyətini regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr bəyanatında nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi, kommunikasiyaların açılması və digər istiqamətdə qursunlar. Minsk Qrupu, həmsədr ölkələr 30 il ərzində uğradığı fiaskonu heç olmasa, bununla az da olsa, kompensasiya etmiş olarlar. Bunun əvəzində, olmayan problemin həllinə çalışmaqla özlərini gülünc duruma salmasınlar.

Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Bu gün Ermənistanın Rusiya ilə münasibətləri kifayət qədər gərgindir. Bu baxımdan, İrəvan Moskvanın yardımına tam bel bağlaya bilmir. Ermənistanın Qərbə inteqrasiya imkanları da yoxdur. Təcrid edilən ölkə erməni lobbisinin təsiri altında olan Fransa hakimiyyətinin və parlamentinin yardımına möhtac qalıb. Erməni  lobbisinin təsiri altında olan Fransa hakimiyyətinin yuxarı eşelonunda yer almış bəzi vəzifəli şəxslər isə ermənilərə yardım etmək barədə çağırışlar edirlər. Digər tərəfdən, fransalı siyasətçilər arasında İslam dininə, türklərə və azərbaycanlılara nifrət hissini gizlətməyənlərə də rast gəlmək mümkündür. Türkiyənin və Azərbaycanın bölgədə və Cənubi Qafqazda artan nüfuzuna qısqanc münasibət bəsləyən, Azərbaycanın Ermənistan üzərində qələbəsini həzm edə bilməyən Fransadakı erməni lobbisinin təsiri altında olan siyasətçilərin niyyəti bəllidir. Ümumiyyətlə, Fransa Azərbaycana və Türkiyəyə qarşı dəfələrlə diplomatik hücuma keçib və separatizmə açıq şəkildə dəstək verib.

Lakin bütün bunların heç bir önəmi yoxdur.

Başlıca məqsədi guya Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi olan Fransa digər həmsədrlərlə birlikdə özünü tam iflasa uğratmış oldu. 44 günlük savaş nəticəsində Azərbaycan bədxahlarının niyyətlərini puça çıxardı.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR