Baş prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

Baş prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

© APA | Daşkənddə "Üzv Ölkələrin Korrupsiyaya qarşı Mübarizə qurumlarının və Ombudsmanlarının 4-cü İclası"

# 17 iyun 2021 11:48 (UTC +04:00)

Azərbaycan Respublikası Baş prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə (İƏT) səmərəli əlaqələrinin genişləndirilməsi davam etdirilir.
Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin rəhbərlik etdiyi nümayəndə heyəti 16-17 iyun tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində baş tutmuş "Üzv Ölkələrin Korrupsiyaya qarşı Mübarizə qurumlarının və Ombudsmanlarının 4-cü İclası"nda iştirak edib.
Sözügedən tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və həmin idarənin prokuroru Elşən Orucov iştirak ediblər.
Özbəkistan Respublikasının rəhbər vəzifəli şəxslərinin, eləcə də İƏT katibliyinin səlahiyyətli nümayəndəsinin açılışını etdiyi, Türkiyə, Pakistan, İran və təşkilata üzv olan digər ölkələrin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin, ombudsmanlarının və digər nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş birinci hissəsində üzv ölkələrin nümayəndələri  korrupsiyaya qarşı mübarizə sahəsində milli kontektsdə əldə etdikləri nailiyyətlər barədə məlumatları tədbir iştirakçıları ilə bölüşüb, bu sahədə səmərəliliyin artırılmasında beynəlxalq əməkdaşlığın rolunu xüsusi vurğulayıblar.
Tədbirin qeyd edilən hissəsində çıxış edən Natiq Eyvazov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla görülmüş işlər, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verib.
Tədbirin sonunda görüşün yekun hesabatı və "Daşkənd Bəyannaməsi" qəbul edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR