BDU işğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair hesabat hazırlayıb

İşğal altında olmuş Azərbaycan ərazilərində köçkünlərin pozulmuş hüquqlarına dair hesabatın təqdimatı

© APA | İşğal altında olmuş Azərbaycan ərazilərində köçkünlərin pozulmuş hüquqlarına dair hesabatın təqdimatı

# 12 oktyabr 2021 15:47 (UTC +04:00)

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının hazıladığı “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabatın təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, layihənin ideya müəllifi və rəhbəri, BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, BDU-da başladılan akademik layihələrdən biri olan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat" BDU-nun Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının professor-müəllim heyəti, ölkənin tanınmış hüquqşünasları və əcnəbi nüfuzlu hüquqşünas-alimlərin, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan və Türkiyənin tanınmış mütəxəssislərinin iştirakı ilə hazırlanıb.

Elçin Babayev bildirib ki, beynəlxalq hesabatın hazırlanmasında əsas məqsəd 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, daha sonra dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət, dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq-hüquqi mexanizmlərin təhlil edilməsidir: “Ermənistanın təcavüzünə məruz qalmış və uzun müddət işğal olunmuş Azərbaycan ərazilərindən olan məcburi köçkünlərin işğala qədər, işğal dövründə və işğaldan azad olunandan sonra əsas hüquq və azadlıqları beynəlxalq sənədlərlə tanınır və onların pozulmuş hüquqları bərpa edilməlidir”.

Hesabatın beynəlxalq təşkilatlara da göndəriləcəyini deyən rektor bildirib ki, hesabatın elektron variantı da hazırlanıb: “Hesabatın nəticə hissəsində beynəlxalq təşkilatlara tövsiyələr verilib. Eyni zamanda mədəniyyət abidələrinin adı ingilis dilində təqdim edilib”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qaçqın və məcburi köçkünlərlə bağlı parlamentdə vacib qanunlar qəbul edilib.

O bildirib ki, işğal nəticəsində dəymiş ziyan məsələsi də hər zaman aktual olub: “Xarici hüquqşünaslar da Azərbaycana dəvət olunub. Onlar işğal nəticəsində dəymiş ziyanın hesablanması üçün ciddi işlər görürlər”.

Mərasimdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin birinci-vitse spikeri cənab Əli Hüseynli, Azərbaycan Respublikasının Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev çıxış ediblər.

İşçi qrupunun üzvləri professorlar Leonid Timçenko (Ukrayna), Aron Salimqerey (Qazaxıstan), Cavid Abdullazadənin (Türkiyə) videoçıxışları təqdim olunub.

Qeyd edək ki, Hesabat Giriş, Ümumi yanaşma və metodologiya, uzun müddət Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri haqqında ümumi məlumatlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul edilmiş beynəlxalq sənədlərin təhlili, Məcburi köçkünlərin pozulmuş əsas hüquq və azadlıqları, Ermənistan tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinin pozulması və törədilən beynəlxalq cinayətlər, İşğalla əlaqədar vurulmuş ziyanların təxmini əhatə dairəsi, mövcud beynəlxalq mexanizmlər, digər dövlətlərin təcrübəsi, beynəlxalq məhkəmə mexanizmləri, Ermənistanın beynəlxalq-hüquqi məsuliyyəti, 2020-ci ilin sonlarına qədər işğalda olmuş və hazırda işğaldan azad edilmiş Azərbaycan əraziləri üçün zəruri olan ilkin humanitar yardım, Nəticə və Əlavələrdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR