Beynəlxalq səyahətçilər Ağdamda olub - FOTO

Beynəlxalq səyahətçilər Ağdamda

© APA | Beynəlxalq səyahətçilər Ağdamda

# 27 sentyabr 2021 15:16 (UTC +04:00)

Beynəlxalq səyahətçilər Ağdamda olub.

APA-nın xəbərinə görə, kommersiya təyinatlı sınaq uçuşu ilə Füzuli Beynəlxalq Aeroportuna gələn beynəlxalq səyahətçilər Ağdamda olub. Ağdam-Bərdə yolunda minatəmizləmə işləri ilə tanış olan beynəlxalq qonaqlar daha sonra Pənahəli xanın İmarət kopleksi ilə tanış oldular. Onları Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayaraq ermənilərin işğal dönəmində Ağdamda törətdiyi əməllər barədə məlumat verib.

30 nəfərdən çox beynəlxalq səyahətçi 28 il ərzində xarabalığa çevrilmiş Ağdam şəhərində dağıntıları öz gözləri ilə görüblər.

Emin Hüseynov nümayəndə heyətini yeni qurulacaq Ağdam şəhərinin baş planı ilə tanış edərək ətraflı məlumat verib, bildirib ki, hazırda Ağdamın işğaldan azad olan ərazisində yenidənqurma işlərinə başlanıb. Dəmir yolu, avtomobil yolu və elektrik xətti çəkilir. Bütün işlər əlaqələndirmə qərargahı çərçivəsində, əlaqəli şəkildə aparılır. Mülki obyektlərin inşasına da başlanılıb. Layihələndirmə mərhələsi yekunlaşmaqdadır. Bütün bu işlərin sürətlə aparılmasına yeganə maneə ərazilərin ermənilər tərəfindən minalanmasıdır.

E. Hüseynov onu da qeyd edib ki, ermənilər Ağdam ərazisini, xüsusilə də keçmiş təmas xəttini həddindən artıq mina və partlamamış sursatlarla çirkləndirib və təəssüf ki, Azərbaycan tərəfə təqdim olunan mina xəritələrinin dəqiqliyi çox aşağıdır. İstənilən halda həmin xəritələr etibarsız sayılır.

Ağdama səfəri başa çatan səyahətçilər Şuşa şəhərinə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR