Həkim: "Ötən il qalxanabənzər vəzi xərçəngi diaqnozu ilə 129 uşaq qeydiyyata alınıb"

Həkim: "Ötən il qalxanabənzər vəzi xərçəngi diaqnozu ilə 129 uşaq qeydiyyata alınıb"
# 25 may 2021 11:53 (UTC +04:00)

“Ölkəmiz aktiv, orta dərəcəli yod atışmazlığı olan bölgələrə aiddir. ÜST tərəfindən Azərbaycanın 30-a yaxın rayonu orta dərəcəli yod çatışmazlığı olan ərazi kimi qəbul edilib. Ötən ilin rəqəmlərinə nəzər salsaq, ilkin diaqnozla uşaqlar (0-13 yaş daxil olmaqla) 129, yeniyetmələr (14-17 yaş daxil olmaqla) 17, gənclər (18 - 29 yaş daxil olmaqla) 397, böyüklər (30-dan yuxarı) 1209 nəfər olmaqla qeydiyyata alınıb”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Azər Hümmətov deyib. O bildirib ki, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Xaçmaz, Lənkəran, Naxçıvan bu ərazilər orta yod çatışmazlığı olan ərazilərdir: “Bu göstərici də sidikdə yodun analiz nəticəsi zamanı bəlli olur. Bu göstəricilərə əsasən, ölkəmiz orta dərəcəli yod çatışmazlığı olan ərazilərə aid edilir.

Qalxanabənzər vəzi xəstəliklərini iltihabi və qeyri-iltihabi olaraq bölmək olar. Qalxanabənzər vəzinin qeyri-iltihabi xəstəlikləri dedikdə bildiyimiz zob, yəni vəzinin böyüməsi nəzərdə tutulur. Qalxanabənzər vəzi düyünləri də xoş və bədxassəli olmaqla 2 hissəyə bölünür. Digər qrup isə qalxanabənzər vəzinin iltihabi xəstəlikləridir. Haşimoto xəstəliyi (Autoimmun tiroidit), qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir. Bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan və yaxud cism kimi qəbul edərək yox etməyə çalışır”.

Həkim qeyd edib ki, zobun diaqnozu adətən fiziki müayinə zamanı qoyulur: “Zob həmçinin digər səbəblərə görə aparılan radioloji müayinələr (məs., yuxu arteriyalarının USM müayinəsi) zamanı təsadüfi tapıntı da ola bilər. Əgər düyünlərin ultrasəsdə şübhəli göstəricisi aşkarlanarsa, biopsiya təyin edilir. Bu nəticələrin 90%-i əksərən xoşxassəli cavab olaraq gəlir. Qalxanabənzər vəzi xərçənginin növləri içərisində ölkəmizdə ən çox papilyar tipə rast gəlinir. Ümumiyyətlə qalxanabənzər vəzi xərçənglərinin 75%-i bu növdür. Bu xərçəng növləri adətən 20-50 yaş arasında, qadınlarda kişilərə nisbətən 3 dəfə artıq müşahidə edilir. Folikulyar tip: bu qrup xəstələr daha çox 40-60 yaş arası qadınlardır. Bu tip qalxanabənzər vəzi xərçənglərinin 10 %-ni təşkil edir.

Çox təəssüf ki, qalxanabənzər vəzi xərçəngi də cavanlaşan xəstəliklərindəndir. Amma qorxmaq lazım deyil. Zamanında müdaxilə ilə təhlükəsiz şəkildə aradan qaldırılır”.

A. Hümmətov bildirib ki, zob xəstəliyi irsiyyət daşıyır: “Hətta bununla bağlı ölkə ərazisində tədqiqat aparılıb. Daha çox Haşimot (Autoimmun tiroidit) son zamanlar irsiyyətdə daha çox rast gəlinir. Ana xətti ilə ötürülməsi aşkarlanıb, qız uşaqlarında daha çox üzə çıxır. Qeyd etmək istəyirəm ki, Azərbaycan Tibb Universitetinin əməkdaşları olaraq 2017-ci ildə ölkənin endemik bölgələrində məktəblilər arasında qalxanabənzər vəzi xəstəliklərinin yayılma tezliyini öyrənmək məqsədi ilə tədqiqat işi aparmışıq və onun nəticələri beynəlxalq məqalələrdə dərc edilib. Bu istiqamətdə tədqiqat işlərimiz davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR