Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsi Gəncə Telekommunikasiya İdarəsində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirib.
Nazirlikdən APA-ya verilən məlumata görə, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində əsas məqsəd müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində obyektin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada “hadisə” yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “xəsarət almış” şəxslərə “ilkin yardım göstərilib” və “yanğın qısa müddətdə söndürülüb”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.