Özbəkistan səfiri Gəncəyə səfər edib - FOTO

Gəncə İH-nin başçısı Niyazi Bayramov və Özbəkistan səfiri Bahrom Aşrafxanov

© APA | Gəncə İH-nin başçısı Niyazi Bayramov və Özbəkistan səfiri Bahrom Aşrafxanov

# 27 avqust 2021 10:56 (UTC +04:00)

Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Gəncəyə səfər edib. Səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Gəncə şəhər İH-dən APA-ya verilən məlumata görə, görüşdə hər iki tərəf, Azərbaycan və Özbəkistan Respublikası Prezidentlərinin arasındakı mehriban dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirərək, bunun ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə müsbət təsirini vurğulayıblar.
Niyazi Bayramov Ulu Nizami yurdu haqqında qonağa ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə Beynəlxalq Hava Limanı, “Gəncə Avtomobil Zavodu”, “AzərAlüminium” ASC, Süni Mərmər və Qranit İstehsalı Zavodu, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir. Gəncənin sənaye şəhəri olmaqla yanaşı elm və mədəniyyət mərkəzi hesab edildiyini vurğulayan Niyazi Bayramov burada müasir standartlara cavab verən təhsil və mədəniyyət ocaqlarının olduğunu qeyd edib. Şəhər İH başçısı qonağın nəzərinə onu da çatdırıb ki, Gəncədə fəaliyyət göstərən 3 ali təhsil müəssisəsindən biri olan ADAU sadəcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz üzrə yeganə aqrar universitetdir.
Bahrom Aşrafxanov səmimi qəbula görə öz minnətdarlığını bildirib. O qeyd edib ki, Gəncə özünün mədəni, elmi və iqtisadi potensialına görə Özbəkistan və Azərbaycan arasında qurulan çoxsahəli əlaqələrdə önəmli rol oynaya bilər.
“Gəlişimin əsas səbəblərindən biri şəhərin infrastrukturu, iqtisadi potensialı ilə yaxından tanış olmaqdır. Eyni zamanda çox istərdik ki, Özbəkistanın tarixi şəhərləri ilə Gəncənin qardaşlaşması istiqamətində işlər aparılsın. Onu da qeyd edim ki, Ulu Nizami yurduna avqust ayında gəlməyim heç də təsadüfi deyil. Belə ki, bir sıra tarixi mənbələrdə dahi mütəffəkkir Nizami Gəncəvinin məhz bu ayda anadan olması qeyd edilir. Buna görə də, Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcəyik. Onun xatirəsini yad etmək bizim üçün böyük şərəfdir”, - deyə o əlavə edib.
Diplomat ölkəsində kənd təsərrüfatı sahəsinə daha çox diqqətin ayırdığını bildirərək, Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə də yaxından tanış olub.
Səfir ADAU barədə təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərinin yerinə yetirmək üçün burada böyük imkanların olduğunu qeyd edib. Görüşdən sonra qonaq Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə baş çəkib.
Daha sonra Bahrom Aşrafxanov Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə ziyarət edib. Səfir həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq buraya gül dəstələri düzüb. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Gəncədə əhalinin sıx yaşadığı müxtəlif əraziləri “Toçka-U”, “Smerç”, “Scud” və digər raketlərlə gecə saatlarında atəşə tutublar. Hücum nəticəsində çoxlu sayda dinc sakin qətlə yetirilib, yüzlərlə insan yaralanıb.
Xatırladaq ki, Özbəkistanlı diplomat səfər çərçivəsində Gəncə Avtomobil Zavoduna və Nizami Gəncəvi məqbərəsinə də baş çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR