Rauf Sadıqov: "Epilepsiya ilə bağlı əsas məsələ cərrahi əməliyyat üçün doğru xəstələri seçməkdir" - MÜSAHİBƏ

Rauf Sadıqov

© APA | Rauf Sadıqov

# 12 oktyabr 2021 10:30 (UTC +04:00)

Beyin cərrahiyyəsi kifayət qədər riskli, xəstənin həyatına çox ciddi təsiri olan və həkim seçimində son dərəcə dəqiq seçim tələb edən sahədir. Onurğa və baş-beyin neyrocərrahı Rauf Sadıqov kifayət qədər ağır məsuliyyəti üzərinə götürüb və bu sahədə ciddi sayılan bir çox əməliyyata imza atıb.

- Rauf bəy, bir çox ölkədə kadavra kurslarında iştirak edirsiniz. İştirak zamanı bizlə standart fərqlilikləri, tamamilə fərqli yanaşmalar görürsünüz?

- Kadavra kursları çox vacibdir. Beyində olan törəmə, anomaliyalara çatmaq üçün cərrahi yanaşmaların seçilməsi, texniki icrası və bu sahədə təcrübə qazanmaq kadavra kursları ilə mümkündür. Ölkəmizdə kadavra kursları olmadığından bunları müqayisə etmək mümkün deyil. Mən daha çox Almaniya, Avstriya və Türkiyədə kadavra kurslarında iştirak etmişəm. Bununla bağlı daha geniş məlumat saytımda var: http://raufsadiqov.az/ Amerikaya hazırlaşırdıq, amma pandemiya ilə bağlı bu planı müvəqqəti təxirə saldıq. Mənim üçün daha maraqlı olan kurslar endoskopik kəllə əsası cərrahiyyədir.

- Yəqin ki, beyin anevrizma əməliyyatlarında əldə etdiyiniz uğurlar bir həkim kimi sizi motivasiya edir. Ölkədə aparılmayan daha hansı əməliyyatları ölkəyə gətirmək istəyirsiniz?

- Beyin damarı əməliyyatları neyrocərrahiyyədə mürəkkəb əməliyyatlar qrupuna aiddir. Ayrıca icra etməkdən daha çox zövq aldığım əməliyyatlardır. Bu gün Azərbaycanda bütün əməliyyatları icra etmək üçün cərrahi təcrübə vardır. Lakin müəyyən texniki çatışmazlıqlar danılmazdır. Diaqnoz olaraq "dərin beyin stimulyasiyası" əməliyyatları (Deep Brain Stimulation ) icra olunmur deyə bilirəm. Biz bu sahədə çalışırıq və yaxın gələcəkdə bu əməliyyatları da məmləkətimizdə başlamağı planlayırıq.

- Epilepsiya xəstəliyi şiş xəstəliyi ilə bərabər müalicəsi çətin sahələrdən biridir. Sizin təcrübənizdə epileptik xəstələrlə bağlı gəldiyiniz rəy necədir?

- Epilepsiya xəstəliyi və onun müalicəsi yetərincə mürəkkəb işdir. Əvvəlcə, onu deməliyəm ki, bu bir komanda işidir. Yəni mən beyin cərrahı olaraq bu işlə tək məşğul olmuram. Məsələ ondadır ki, bu işdə ən vacib halqa nevroloqdur. Çünki epilepsiya ilə bağlı əsas məsələ cərrahi əməliyyat üçün doğru xəstələri seçməkdir. Bu kifayət qədər uzun və yorucu prosesdir. Əksər hallarda xəstə yaxınları bunu anlamırlar. Xəstələr aylarla dərman müalicəsinə tabe tutula bilir. Bir çox müayinə dəfələrlə təkrar oluna və həkim qəbuluna gəlməyə ehtiyac duyular. Buna baxmayaraq kifayət qədər əməliyyat sayımız var.

- Siz eyni zamanda onurğa cərrahısınız. Deyirlər, onurğa cərrahiyyədə ən çətin sahədir. Bizim ölkədə bunla bağlı vəziyyət necədir?

- Doğrudur, mən onurğa cərrahiyyəsi ilə məşğul oluram. Onurğa cərrahiyyəsində dünyanın qabaqcıl ölkələri ilə müqayisədə praktik olaraq bizdə bütün standart cərrahi əməliyyatlar icra olunur və bu işi peşəkarcasına bacaran çox sayda neyrocərrahımız var.

- Səhiyyə sistemində neyrocərrahiyyə xidmətinin təşkilini necə qiymətləndirirsiniz?

- Məmləkətimizdə neyrocərrahiyyə xidməti əsas Bakıdadır. Planlı neyrocərrahi xidmət bir neçə xəstəxanada var. Bu daha çox fərdi beyin cərrahları və onların təşəbbüsü əsasında qurulub. Özəl xəstəxanalarda texniki təchizat səbəbilə daha mürəkkəb işlər görmək mümkündür. Ümumiyyətlə, bu komanda işidir və xəstənin taleyi bir tək cərrahın işi ilə bağlı deyil. Burda anestioloji, sterillik qaydalarına əməl olunması, reanimatoloji xidmət və tibb işçilərinin bu xəstələrlə işləmə təcrübəsi vacibdir. Çox önəmli məqamlardan biri də xəstə və tibb personal nisbətidir. Yəni bir xəstənin müalicəsində iştirak edən tibb personalın sayıdır. Bir çox xarici ölkədəki özəl klinikalarda bu faktorun əməliyyat qiymətlərinə ciddi təsiri vardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR