Avronest PA-nın komitələrinin iclasları keçirilib

Avronest PA-nın komitələrinin iclasları keçirilib
# 19 aprel 2021 19:22 (UTC +04:00)

Bu gün Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasa Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı həmsədrlik edib.

Öncə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində etibarlı səhiyyə sistemi və davamlı pensiya islahatları nəzərə alınmaqla həyatın keyfiyyəti haqqında” hazırlanmış hesabata Komitənin rəyi diqqətə çatdırılıb. Sonra “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı regionunda COVID-19 pandemiyasının sosial nəticələri”, həmçinin “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı regionunda peyvənd səylərinə yardım” mövzularında ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Milli Məclisin deputatı Hicran Hüseynova fikirlərini bildirib, koronavirus infeksiyasına qarşı mübarizə sahəsində Azərbaycanda görülmüş işlərdən danışıb.

Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclasında gündəlikdəki məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.

Tədbirdə Milli Məclisin nümayəndə heyətinin üzvlərindən Qüdrət Həsənquliyev də iştirak edib.

Bu gün Avronest Parlament Assambleyasının 9-cu sessiyası çərçivəsində qurumun Enerji təhlükəsizliyi komitəsinin də onlayn iclası keçirilib. Tədbirdə Milli Məclisin deputatları Vüqar Bayramov, Rauf Əliyev və İltizam Yusifov iştirak ediblər. İclasda “Enerji effektivliyinə, diversifikasiyaya və müstəqilliyə doğru; Avropa enerji siyasətinin möhkəmləndirilməsi imkanları və Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması” mövzusunda məruzənin təqdimatı keçirilib. Məruzə ilə bağlı çıxış edənlər enerji müstəqilliyi və təhlükəsizliyi məsələlərindən danışıblar, məsələ ilə bağlı fikirlərini bildiriblər.

Gündəliyin növbəti məsələsi – “Avropa Yaşıl Paktı və onun Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyi və dayanıqlılığının artırılmasına təsirləri və imkanlar” barədə çıxış edənlər yaşıl enerjinin inkişaf etdirilməsi, iqtisadiyyatın və enerji sistemlərinin dekarbonizasiyası problemlərindən danışaraq bu istiqamətdə mümkün əməkdaşlıq çərçivələri və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Bununla da komitənin iclası başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR