Apreldə Bakıda VIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək

Apreldə Bakıda VIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək
# 06 mart 2009 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının 16-18-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda VIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF) keçiriləcək.
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, hazırda AITF sərgisində iştirak üçün 14 ölkədən 50-dən çox şirkət qeydiyyata alınıb. Sərginin daimi iştirakçıları arasında Türkiyə, Gürcüstan, Malayziya, Çexiya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr var. İtaliya, İsveçrə, Tailand və Çin kimi ölkələr də sərgidə iştirak edəcək. AITF sərgisində ilk dəfə olaraq öz milli stendini İspaniya təqdim edəcək, həmçinin Mavriki adasından turizm şirkətləri də bu sərgiyə ilk dəfə qatılacaq.
Azərbaycanın daxili regional turizmi bu il Gilan, Nabran, Mingəçevir və Oğuz mehmanxanaları tərəfindən təqdim olunacaq. Abşeron zonasının mehmanxana şəbəkəsi də bu sərgidə geniş təmsil ediləcək.
AITF-lə paralel olaraq III Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi (HOREX) keçiriləcək. HOREX-də təqdim olunacaq dünya brendləri arasında «National», «Electrolux», «Versailes», «Zanussi», «Hobart», «Jumbo», «Rational», «Winterhalter», «La Cimbali», «TITAN», «Modular», «Unint Steel», «Makba», «RobotCope», «Santos», «Tognana», «Pintinox», «Scotsmann», «Miko», «Ulupak», «Lavazza» və s. var.
Qeyd edək ki, tədbirə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Turizm Sərgilərinin Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR