Dövlət Bağçalı: “Hökumət Azərbaycanı aldadıb”

Dövlət Bağçalı: “Hökumət Azərbaycanı aldadıb”
# 20 oktyabr 2009 11:28 (UTC +04:00)
Bakı – APA. “Hökumət Ermənistanla protokollar imzalamaq üçün türk millətindən icazə almayıb. Azərbaycanın da aldadıldığı açıq-aşkar ortaya çıxıb”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament fraksiyasının toplantısındakı çıxışında deyib. O, Azərbaycan xalqının etirazlarının kulminasiya nöqtəsinə çatdığını xatırladıb: “Millətimizin bayraq məsələsində həssaslığı məlum ikən Bakıdakı şəhidlikdə olan türk bayraqlarının çıxarıldığına dair xəbərlər Anadolu türklüyünü dərindən sarsıdıb. Buradan Azərbaycan xalqına səslənmək istəyirəm: Türkiyə hökumətinin mövqeyi sizləri qəzəbləndirə bilər. Buna etiraz edərkən türk millətinə hörmət mütləq şərtdir. Bu şəkildə etiraz və bu itələyici hərəkət iki qardaşın arasını vurmaq istəyənlərin dəyirmanına su tökəcək”.

MHP lideri bildirib ki, AKP hökuməti türk millətinin hamısının iradəsinin təmsil etmir: “Bu hökumət və bu prinsipsiz kadrlar bu gün var, amma sabah olmayacaq. Onların yanlışları millətimizin gələcək münasibətlərini pozmamalıdır. Türk milləti Azərbaycan türklərinin yanındadır. Əcdadımızın yadigarı olan al bayrağımıza hörmət göstərilməlidir. Haqlı etirazların bizi incidən davranışlarla müşayiət olunmayacağına inanıram. Ay ulduzumuzla Azərbaycan bayrağı sonsuza qədər dalğalanmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR