Litva Seyminin komitə sədri Yustinas Karosas: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Avropa Parlamentində müzakirəsinə nail olmaq üçün səyləri gücləndirməlidir” - EKSKLÜZİV

Litva Seyminin komitə sədri Yustinas Karosas: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Avropa Parlamentində müzakirəsinə nail olmaq üçün səyləri gücləndirməlidir” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 25 oktyabr 2007 15:22 (UTC +04:00)
- Cənab Karosas, Azərbaycana səfərinizin məqsədi nədir?
- Biz bu səfərlər parlamentlərarası əlaqələri daha da aktivləşdirmək istəyirik. Çünki hesab edirəm ki, indiyə kimi bu əlaqələr səthi xarakter daşıyıb. Baxmayaraq ki, ölkələrimizin icraedici orqanları arasında əməkdaşlıq çoxdan inkişaf edib. Məsələn, son bir ayda Azərbaycan prezidenti iki dəfə Litvada səfərdə olub. Bizim dövlət başçılarımız Krakov sammiti çərçivəsində və Vilnüsdə keçirilən enerji forumunda dəfələrlə görüşüblər. Siyasətçilər olaraq biz də parlamentlərimiz arasında əlaqələri genişləndirmək istəyirik. Etiraf etmək lazımdır ki, icraedici strukturlardan fərqli olaraq bunun üçün parlamentarilərin imkanları o qədər də geniş deyil. Biz daha çox praktiki deyil, siyasi fəaliyyətlə məşğuluq, yəni, biz yalnız parlament fəaliyyəti, qanunların yaradılması sahəsində təcrübə mübadiləsi apara bilərik. Bundan başqa parlamentarlar qanunverici orqanını fəaliyyətinə aid olan təşkilatı məsələlərin həlli, müxalifətlə münasibətlərin qurulması, demokratik proseslərin inkişafı ilə daha çox məşğul olurlar.
- Azərbaycan və Litvanın parlamentləri arasında əlaqələrin inkişafı üçün Sizin konkret hansı təklifləriniz var?
- Səfərimiz zamanı biz situasiyanı öyrənməklə məşğul olduq. Əsas məqsədlərimizdən biri azərbaycanlı həmkarlarımızdan qanunverici orqanlar arasında əlaqələrin inkişafı üçün təkliflər almaq idi. Yəni, həmkarlarımız bizdən hansı formada kömək gözləyir, bu yardımı necə reallaşdırmaq olar kimi məsələləri bilmək istəyirdik. Biz Azərbaycan Milli Məclisinin üzvlərini Vilnüsə dəvət etmək niyyətindəyik. Hesab edirəm ki, orada biz daha konkret əməkdaşlıq formaları ətrafında müzakirələr apara biləcəyik. İndiki halda isə bizim məqsədimiz vəziyyətlə tanış olmaq idi. Unutmaq olmaz ki, bu Litva Seyminin üzvlərinin Azərbaycana cəmi ikinci səfəri idi. Səhv etmirəmsə, ilk belə səfər 2003-cü ildə baş tutub.
- Yəni, indiki halda yalnız əməkdaşlığını mümkün formaları axtarılır?
- Tamamilə haqlısınız. İndiki halda bizi ən çox maraqlandıran məsələ azərbaycanlı həmkarlarımızın əlaqələrin genişlənməsi üçün hansı təkliflərlə çıxış etməsidir.
- Litva bir çox beynəlxalq təşkilatların üzvüdür. Bu təşkilatlar çərçivəsində Azərbaycanla əməkdaşlıq necə gerçəkləşir?
- Biz beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycanla sıx əməkdaşlıq edirik. Yəni, ümumi problemlərin həllində bir-birimizə köməklik etmək üçün yaxşı imkanlar yaranıb. Məsələn, Bakıda olanda Litvanın ATƏT-ə sədrliyi ətrafında söhbət apardıq. Biz 2010-cu ildə bu təşkilata sədrlik etmək niyyətindəyik. Buna görə də, bizim üçün ATƏT-ə üzv bəzi dövlətlərin dəstəyi çox vacibdir. Və biz də azərbaycanlı həmkarlarımızdan bizim niyyətimizi dəstəkləməyi xahiş etdik. ATƏT-ə sədrlik həmin ölkə üçün bir çox üstünlüklər, o cümlədən qərarların qəbulunda geniş imkanlar yaradır. Bu mənada hesab edirəm ki, təkcə ATƏT çərçivəsində deyil, digər beynəlxalq təşkilatlarda da həmrəylik nümayiş etdirmək çox vacibdir.
- Həmrəyliyə gəldikdə, Azərbaycan taleyüklü məsələlərin həllində Litvanın dəstəyinə arxalana bilərmi? Məsələn, BMT-də postsovet məkanında “dondurulmuş münaqişələr”lə bağlı müzakirələrdə Litva Azərbaycana dəstək verəcəkmi?
- Biz mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq və bu kontekstdə analoji mövqedən çıxış edən istənilən ölkəyə, o cümlədən, Azərbaycana dəstək verməyə hazırıq. Bundan başqa mən beynəlxalq təşkilatların spektrini genişləndirməklə qeyd olunan məsələnin lobbiləşdirilməsi prosesinin intensivləşdirilməsini çox vacib sayıram. Məsələn, Bakıda keçirdiyimiz görüşlər zamanı aydınlaşdırdıq ki, bu problem Avroparlamentdə də səthi olaraq lobbiləşdirilir. Baxmayaraq ki, bu təşkilat daha geniş imkanlara malikdir. Məsələn, bizim parlamentarların və Avropa İttifaqına yeni üzv qəbul olunmuş ölkələrdən olan həmkarlarımızın dəstəyi ilə Ermənistan-Azərbaycan münaqişəsi məsələsini Avropa Parlamentinin də müzakirəsinə çıxarmaq olar.
- Necə fikirləşirsiniz, bu münaqişənin Avropa Parlamentində müzakirəsi problemin həlli baxımından hansı nəticə verə bilər?
- Hesab edirəm ki, aktiv informativ iş aparmaq lazımdır. Ermənilərdən misal çəkmək istəyirəm, görün onlar “soyqırımı” problemi ilə necə aktiv məşğul olublar. Onlar bu mövzunu bütün beynəlxalq institutlardan keçərək lobbiləşdirilməsinə nail ola biliblər, nəticədə ortaya bəyannamələr, qətnamələr çıxıb. İndi isə türklərin ermənilərə qarşı “soyqırımı” həyata keçirməsi barədə fikirlər təbii ki, Türkiyəni qıcıqlandırır. Məncə, Dağlıq Qarabağ münaqişəsi, problemin mahiyyəti barədə daha çox informasiya işi aparmaq lazımdır. Məsələn, biz özümüz yalnız Bakıda keçirdiyimiz görüşlərdə münaqişənin əsl mahiyyəti haqqında daha geniş məlumat ala bildik. Hətta hər şeyə xəritədə belə baxdıq. Fikrimcə, aktiv informasiya dəstəyi, aktiv lobbiçilik fəaliyyəti ilə bu problemi daha geniş işıqlandırmaq olar.
- Sizcə, ATƏT bu problemin həlli vəzifəsini yerinə yetirə bilirmi?
- Hesab edirəm ki, bu təşkilatın fəaliyyəti daha çox humanitar xarakterlidir. Şəxsi qənaətimə görə, ATƏT problemlərin həllinə Avropa Parlamenti, yaxud BMT qədər güclü təsir etmək imkanına malik deyil.
- Sizcə, bu müstəvidə Avropa İttifaqı daha güclü etibarlı qurumdur?
- Təbii ki. Bu, belədir. Bu elə bir beynəlxalq institutdur ki, çıxardığı qərarlar Avropa ölkələrinin hamısı tərəfindən icra edilir.
- Qeyd etdiyiniz kimi, Litva Azərbaycanla müqayisədə beynəlxalq təşkilatlarda daha çox iş təcrübəsinə malikdir. Ölkəniz Azərbaycana demokratikləşmə proseslərində yardım edə bilərmi? Məsələn, gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcək...
- Təbii ki, əgər söhbət bizim seçki qanunvericiliyimiz, yaxud seçki sistemimizdən gedirsə, o zaman azərbaycanlı həmkarlarımız müraciət edəcəyi təqdirdə bu yardımı göstərməyə hazırıq.
- 2008-ci ildə keçiriləcək prezident seçkilərində Litvadan müşahidəçilər iştirak edəcəkmi?
- Təbii ki, bizə dəvət göndərsələr, seçkiləri müşahidə etməyə hazırıq. Və bu dəvətə görə də minnətdar olarıq. Bu sahədə bizim böyük təcrübəmiz var, müşahidəçilərimiz bu il Türkiyə və Ukraynada keçirilən seçkiləri müşahidə ediblər.
- Bakıda keçirdiyiniz görüşlərdə bu məsələ müzakirə olundumu?
- Yox, bu barədə danışmadıq.
- Görüşlərdə parlamentlərarası əlaqələrin genişləndirilməsindən başqa hansı məsələlər müzakirə olundu?
- Təbii ki, ilk növbədə iqtisadiyyatla bağlı məsələlər. Avropa alternativ enerji mənbələrinin tapılmasında maraqlıdır. Bu alternativlərdən biri Cənubi Qafqaz regionu ilə bağlıdır. Bu baxımdan biz son dərəcə mühüm əhəmiyyətə malik olan Odessa-Brodı-Plotsk layihəsinə toxunduq. Sizin sənaye və energetika naziriniz Natiq Əliyevin dediyi kimi, bu layihənin reallaşması üçün siyasi iradə mövcuddur. Buna görə də bizə kommersiya mahiyyətli texniki plana dair məsələlərin həlli qalıb. Hazırda bu layihənin texniki-iqtisadi əsaslandırılması işi gedir, bu iş başa çatdıqdan sonra konkret addımlar atılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR