“10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masa keçirilib

“10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masa

© APA | “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masa

# 12 noyabr 2021 16:32 (UTC +04:00)

İkinci Qarabağ Müharibəsinin başa çatmasının birinci ildönümü ilə əlaqədar bir sıra tanınmış rusiyalı ekspert və jurnalistlərin iştirakı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, dəyirmi masada çıxış edən BMTM-nin rəhbəri Fərid Şəfiyev bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlər müxtəlif sahələri əhatə edir, iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyədədir.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov çıxışında bildirib ki, bu qələbə son 25 ildə Azərbaycanın gözlədiyi qələbə idi və buna nail oldu: “Azərbaycanda güclü siyasi sistem qurulub, ölkənin iqtisadiyyatı inlişaf edir. Bu qələbədə bütün dünya Azərbaycanın nə qədər güclü olduğunu, Azərbaycan ordusunun 21-ci əsrin, Ermənistan ordusunun isə 20-ci əsrin ordusu olduğunu gördü”.

S.Markov Azərbaycanın hədəflənmiş doğru siyasət yürütdüyünü vurğulayıb.

O əlavə edib ki, birinci Qarabağ müharibəsində travma almış xalqın psixologiyası bu qələbə ilə düzəldi. Onun sözlərinə görə, torpaqların azad olunması nəticəsində bu ərazilərdə yenidənqurma işləri həyata keçirilir, yüz minlərlə insan öz evlərinə qayıdacaq.

S.Markov ötən ilin 10 noyabrında qəbul olunmuş bəyannamənin vacibliyi barədə də danışıb. Bildirib ki, bu bəyannamə tərəflər üçün çox vacibdir və region üçün səmərəlidir.

Ekspert Rusiyanın münaqişədəki mövqeyinə də toxunub. Onun sözlərinə görə, rəsmi Moskva Kazan danışıqlarından sonra anladı ki, bu danışıqların nəticəsi yoxdur və müharibə qaçınılmazdır.

Müharibə dövründə KTMT-nin Ermənistana hər hansı dəstək verməməsi barədə danışan S. Markov deyib ki, Qarbağ müharibəsi hərbi blokun Ermənistana dəstək verməsi üçün faktor olmayıb, çünki müharibə Ermənistanın ərazisində olmayıb. Rusiyalı siyasi ekspert Azərbaycanın illər ərzində öz silah tədarükünü davam etdirdiyini, hərbi arsenalını gücləndirdiyini vurğulayıb: “Azərbaycanın hərbi arsenalındakı silahların əksəriyyəti Rusiya istehsalı idi”.

Ekspert əlavə edib ki, müharibə başlayanda Rusiya bunu dayandırmağa cəhd etməyib, çünki Rusiya anlayırdı ki, hər kəsin öz məntiqi var və Azərbaycan başa düşüb ki, bu münaqişənin həllində hərbi həll elementləri qaçılmazdır.

Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsimə toxunan S.Markov bunun üçün müəyyən yol xəritəsinin hazırlanacağını və zaman tələb olunacağını deyib.

O deyib ki, Sovet İttifaqı dövründə bu əraziyə muxtariyyət statusunun verilməsi buradakı ermənilərin separatizm meyllərini gücləndirmişdi və onlar 1990-cı illərdə bundan istifadə etdilər.

S.Markov bildirib ki, Qarabağdakı sülhməramlı missiyanın fəaliyyət müddəti başa çatdıqdan sonra bu ərazilərə hərbi nəzarət də Azərbaycana keçəcək. Ekspert əlavə edib ki, Rusiya sülhməramlıları getdikdən sonra gələcəkdə bu ərazilərdə kiçik toqquşmaların olması ehtimalı ola bilər.

S.Markovun sözlərinə görə, Şuşada aparılan işləri Qarabağdakı ermənilər görürlər və anlayırlar ki, inteqrasiya prosesi onlara nələr verə bilər.

Müzakirədə iştirak edən tanınmış rusiyalı jurnalist, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, Qarabağ münaqişəsinə Azərbaycanın qələbəsi ilə yekun vurulmasını 2020-ci ilin ən böyük hərbi hadisəsi adlandırıb.

İ.Korotçenko işğalçılıq illərində Ermənistanın bu ərazilərdə heç biri tikinti, quruculuq işləri aparmadığını deyib.

O deyib ki, Azərbaycan ötən illər ərzində silahlı qüvvələrini modernləşdirib: “İyul hadisələrindın sonra Ermənistan tərəfi düşünürdü ki, 27 sentyabr təxribatı və ona cavab 1 həftə davam edəcək və hər şey bitəcək. Məhz iyul və sentyabr təxribatlarını törədən Ermənistan idi, onlar istəyirdilər ki, Azərbaycan daim Ermənistanın bu cür təzyiqlərini üzərində hiss etsin. Ancaq 27 sentyabr hücumunun cavabı Ermənistanın gözlədiyi kimi olmadı. Azərbaycan cəhbənin bütün istiqamətlərində əks hücumlara başladı. Bu, onlar üçün şok idi. Minlərlə Ermənistan hərbçisi öz silahlarını atıaraq qaçır, müharibə meydanını tərk edirdi. Amma Azərbaycan gəncləri silahları götürüb müharibəyə yollanırdı. Hətta Ermənistan və Azərbaycan cəmiyyətlərində ab-hava belə fərqlənirdi. Bu, güclü siyasəti və dövlətçiliyin nəticəsi idi. Bunsuz müharibədə qələbə qazanmaq mümkün deyil. Artıq müharinənin bitməsindən bir il keçib. Ancaq bu gün erməni diasporu hələ də destruktiv rol oynayır”.

İ.Korotçenko Rusiya və Azərbaycan əlaqələrinin strateji xarakteri barədə də danışıb.

Dəyirmi masa müzakirə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR