Bakıda Azərbaycan və Rusiya ekspertlərinin iki ölkənin strateji tərəfdaşlığına həsr olunmuş iclası keçirilir

Azərbaycan və Rusiya ekspertlərinin iclası

© APA | Azərbaycan və Rusiya ekspertlərinin iclası

# 19 noyabr 2021 11:23 (UTC +04:00)

Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı ilə Rusiya-Azərbaycan Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclası keçirilir.

APA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andey Kortunov, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov iştirak edirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev belə bir iclasın ilk dəfədir keçirildiyini bildirib. F. Şəfiyev iclasın əhəmiyyətini vurğulayıb, iclas çərçivəsində iki panelin təşkil olunacağını qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, bu gün keçirilən iclas aktual mövzuya həsr olunub. Azərbaycan-Rusiya münasibətlərindən danışan H. Hacıyev bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib, bunda hər iki ölkənin dövlət başçılarının fəaliyyətinin mühüm rol oynadığını deyib.

H. Hacıyev bildirib ki, Azərbaycan 44 günlük vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdiyini, Zəfərin bölgədə yeni reallıqlar və perspektivlər yaratdığını vurğulayıb.

Prezident köməkçisi iki ölkənin ekspertlərinin iclasını yüksək qiymətləndirib, ekspertlərin birgə akademik araşdırmalar və digər yöndə layihələr həyata keçirməsini zəruri sayıb.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov qeyd edib ki, iki ölkə arasında ekspertlər səviyyəsində əməkdaşlığın yeni formatı yaranıb. Rusiya-Azərbaycan münasibətlərindən söz açan diplomat bu gün yeni yaradılan formatı yüksək qiymətləndirib.

İclasa videokonfrans formatında qoşulan Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andey Kortunov bildirib ki, Qafqaz həm də yeni təhlükəsizlik modellərinin təcrübədən çıxarıldığı laboratoriyadır: “Yüz illər ərzində Cənubi Qafqaz qapalı region olub. Bu qərarlar İranda, İstanbulda, Moskvada qəbul edilib. Bu qapalılıq ötən əsrin sonunda başa çatıb. Artıq vəziyyət fərqlidir, Qafqaz açıq regiondur. Bu da məsuliyyətli qərarların qəbulunu tələb edir. Siyasi avantüra və məsuliyyətsizliklər müharibələrə, insanların ölümünə səbəb olur. Qafqaz 30 il ərzində inkişaf, əməkdaşlıq potensialını ortaya qoyub. Lakin Cənubi Qafqazın açıq region olması müəyyən problemlər yaradır. Tək Rusiya, Türkiyə və İran deyil, uzaq ölkələr də regionda fəal aktor olmağa çalışır. Bura ABŞ, Avropa İttifaqı, Çin, Körfəz ölkələri də daxildir. Rusiya regionda aktiv mövqedən çıxış edir. ABŞ-ın yeni administrasiyası isə Cənubi Qafqaza yetərincə diqqət yaratmır. Regionda rəqabət pis hal deyil”.

A. Kortunov Qafqazın nəqliyyat qovşağı olduğunu vurğulayıb: “Təəssüf ki, Qafqazdakı radikallar Əfqanıstanda və digər ölkələrdə peyda olurlar”.

O, Rusiya-Azərbaycan münasibətlərinin region üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycan və Rusiya üçün böyük çağırışlar var və bu çağırışlar ekspertlər səviyyəsində əhatəli müzakirə oluna bilər. Bu gün dünyada yeni energetika inqilabı baş verməkdədir, bu da hər iki ölkə üçün bir çağırışdır. Digər tərəfdən, biz Çinin yüksəlişini görürük, Rusiya və Azərbaycan Çinlə yaxşı münasibətlər qurub. Qərb isə müəyyən qədər zəifləyir. Bunlar da Rusiya və Azərbaycan ekspertləri üçün müzakirə mövzusudur”.

A. Kortunov Qafqazın Rusiya Beynəlxalq Məsələlər Şurasının xüsusi diqqətində olduğunu söyləyib: “Azərbaycan və Rusiya ekspertlərinin bu formada əməkdaşlığını yüksək qiymətləndiririk, inanırıq ki, bu, yalnız tədbirlərlə yekunlaşmayacaq”.

BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev Cənubi Qafqazda vəziyyətin dəyişdiyini nəzərə çatdırıb: “Son 30 ildə vacib geostrateji dəyişiklik baş verib. Birincisi, 30 il əvvəl region ölkələri müstəqillik əldə edib. İkincisi, keçən il Azərbaycan torpaqlarını işğaldan azad edib, yeni əməkdaşlıq perspektivləri yaranıb. Qapalı formatda keçiriləcək panel iclaslarında açıq müzakirələr aparmaq mümkün olacaq. Azərbaycan-Ermənistan sərhədində son gərginliyin aradan qaldırılmasında da Rusiyanın rolunu gördük və bunu yüksək qiymətləndiririk. Ekspertlərin müzakirələrinin nəticələri sonra müvafiq dövlət strukturlarına da təqdim olunacaq”.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov keçən il baş verən müharibə və üçtərəfli razılaşma nəticəsində regionda böyük dəyişiklik olduğunu vurğulayıb: “Gələcək üçün yeni imkanlar yaranıb. Rusiya-Azərbaycan münasibətləri baxımından ekspertlərin yeni reallıqları qiymətləndirməsi vacibdir. Regionda beynəlxalq iqtisadi əlaqələr və inteqrasiya baxımından yeni imkanlar yaranıb. Cənubi Qafqaz regionunun beynəlxalq iqtisadi və siyasi sistemdə rolunu qiymətləndirməyə ehtiyac var”.

E. İskəndərov Cənubi Qafqazın Avrasiya məkanının bir parçası olduğunu qeyd edib: “Azərbaycan Ermənistanla delimitasiya və demarkasiya prosesinə hazırdır. “3+3” formatında əməkdaşlıq təklifi Azərbaycan və Rusiyanın maraqlarına cavab verir. Cənubi Qafqazda sabitlik kataklizmlərə imkan verməyəcək. Ekspertlər səviyyəsində yaradılan bu yeni formatın daimi xarakter daşıması zəruridir”.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR