Baş katib: “Azərbaycanın tarixi qələbəsi türk dünyası üçün qürur mənbəyidir”

Bağdad Amreyev

© APA | Bağdad Amreyev

# 28 may 2021 10:25 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Azərbaycanı 28 May - Respublika Günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Azərbaycan Demokratik Cümhuriyyəti qəbul edilən İstiqlal Bəyannaməsi ilə 28 may 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli dünyəvi demokratik dövlət olaraq qurulub. Azərbaycan Demokratik Cümhuriyyəti ciddi daxili və xarici çətinliklərə baxmayaraq, səmərəli dövlət qurumları yaratmağa, vətəndaşlarının hüquqlarını qorumağa və beynəlxalq birliyin etimadını qazanmağa müvəffəq olub. Hesabat vermə və hakimiyyət bölgüsü əsasında qurulan hökumətlə bərabər, parlamenti də bütün Müsəlman Şərqində ilk dəfə demokratik yolla seçilib, çox partiyalı və həqiqi qanunverici bir orqan olub. Azərbaycan dili rəsmi dil elan edilib, milli üçrəngli bayraq və himn qəbul edilib.

Bu gün Türk Şurasına sədrlik edən Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı, müasir təhsil sistemi, güclü silahlı qüvvələri və digər bütün dövlət qurumları və təşkilatları ilə bölgəmizdə getdikcə artan nüfuzu və beynəlxalq arenada güclənən mövqeyinə şahid olmağa şadıq.

Digər tərəfdən, Prezident Əliyevin Ali Baş Komandan kimi möhkəm inamı və qətiyyəti ilə cəsur Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə bütün türk dünyası üçün qürur mənbəyidir.

Türkdilli dövlətlər arasındakı əməkdaşlığa və qardaşlıq əlaqələrinə böyük töhfələrinin və xidmətlərinin bundan sonra da davam edəcəyinə əmin olaraq qardaş Azərbaycan xalqına bir daha ürəkdən təbriklərimi çatdırıram və Azərbaycan Respublikasına sülh və rifah dolu parlaq bir gələcək arzulayıram.

Respublika gününüz mübarək!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR