Deputat: “Prezident Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı Ermənistana və havadarlarına hədəfli mesajlar ünvanladı”

Fəzail Ağamalı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

© APA | Fəzail Ağamalı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

# 17 avqust 2021 15:21 (UTC +04:00)

“Qalib Ordunun Ali Baş Komandanı, Prezident İlham Əliyev Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı çıxışında hazırkı hərbi-siyasi vəziyyəti qiymətləndirdi, Ermənistana və onun havadarlarına hədəfli mesajlar ünvanladı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.

F. Ağamalı deyib ki, Kəlbəcər və Laçın rayonlarının genişmiqyaslı döyüşlər və çoxsaylı itki olmadan azad edilməsi Azərbaycan Prezidentinin diplomatik məharəti, Azərbaycan Ordusunun gücünün nəticəsidir: “Kəlbəcər hərbi əməliyyatlar bitdikdən sonra boşaldılsa da, burada müharibənin taleyini həll edən döyüşlər olub. Müharibənin ilk günlərində Murov dağı və ətraf yerlərdəki strateji yüksəkliklərin azad olunması düşmənin hərəkətlərini məhdudlaşdırıb və onların Basarkeçər-Kəlbəcər yolundan istifadə etməsinə imkan verməyib. Dövlət başçısının da vurğuladığı kimi, Vətən müharibəsində işğalçı Ermənistan ordusunu məhv edərək, Ermənistan faşizminin başını əzərək, erməni cəlladlarını cəzalandıraraq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Bu gün hərbi-strateji şərait tam Azərbaycanın nəzarətindədir. İkinci Qarabağ müharibəsi tarixi Zəfərdir, Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmayıb. Bu, son əsrlər torpaqlarını itirə-itirə gələn Azərbaycanın tarixində, İslam aləmində bir dönüş nöqtəsidir. Onu da qeyd edim ki, Kəlbəcərin 1993-cü ildə işğalı 1992-ci ildə Şuşa və Laçının AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində itirilməsinin nəticəsi idi. 1992-93-cü illərdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, bacarıqsızlığı və xəyanətinin, pərakəndə silahlı dəstələrin nəzarətdən çıxması, nizami ordunun qurulmaması bu faciələrə gətirib çıxarmışdı”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfərlə yekunlaşan İkinci Qarabağ müharibəsində bir çox miflər məhv olunub: “Yenilməz erməni ordusu” mifi dağıdılıb, erməni ordusu məhv edilib, hərbi texnikaları isə “Qənimətlər Parkı”ndadır. “Qəhrəman erməni əsgəri” mifi məhv edilib. 44 gün ərzində Ermənistan Ordusunda 10 min fərari olub, Azərbaycan ordusunda bir əsgər də fərarilik etməyib. “Görkəmli erməni sərkərdələri” mifi də dağıdılıb. Xocalıda dinc əhalini qıran Koçaryan, Sarkisyan, Ohanyan 44 günlük müharibə zamanı Qarabağa gəlsələr də, Azərbaycan Ordusunun qarşısına çıxmaqdan qorxub Yerevana qaçdılar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, belə fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər. Eyni zamanda “Azərbaycanlılar vuruşmayacaqlar” mifi dağıdıldı. “Ermənilər qədim tarixə və mədəniyyətə malikdir, “Qafqazda mədəniyyət ocağıdır” mifi də dağıdıldı. Yerlə yeksan olunmuş şəhər və kəndlər, dağıdılmış qəbirlər, sökülmüş məscidlər düşmənin əsl simasını göstərdi”.

F. Ağamalı Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfəri zamanı işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərinə və ekoloji cinayətlərə də diqqət çəkdiyini, bu cinayətləri törədənlərin məhkəmə qarşısında cavab verəcəklərini bəyan etdiyini bildirib. Digər tərəfdən, dövlət başçısı səfəri zamanı Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda genişmiqyaslı aparılan bərpa işləri barədə də geniş məlumat verib. Bu regionla müntəzəm əlaqənin təmin edilməsində mühüm rol oynayacaq iki tunelin təməli qoyulub, Kəlbəcərdə yarımstansiya fəaliyyətə başlayıb, Prezident su elektrik stansiyasının tikintisi ilə tanış olub, Laçın rayonunda beynəlxalq hava limanının təməli atılıb: “Pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərin bura ezam olunması da xüsusi qeyd olunmalıdır. 700 kilometr yolların çəkilişi prosesi gedir və qışa qədər işin təqribən 80 faizi görüləcək. Bu da hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənməyə imkan verəcək. Eyni zamanda bu səfər zamanı Prezident bir daha bəyan etdi ki, Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar, biz bunu sonrakı mərhələyə saxlayırıq. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti strateji hədəflərə mərhələli şəkildə nail olmaq üçün aydın proqrama, müdrik siyasi uzaqgörənliyə sahibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR