Deputat: “Türk Şurası beynəlxalq təşkilata çevriləcək”

Hikmət Babaoğlu, Milli Məclisin deputatı

© APA | Hikmət Babaoğlu, Milli Məclisin deputatı

# 12 noyabr 2021 17:56 (UTC +04:00)

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İstanbulda keçirilən zirvə görüşündən sonra tamamilə yeni bir təşkilata çevriləcək”.
Bunu APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu bildirib.
H. Babaoğlu deyib ki, artıq Şura daha çox məsləhət və məşvərətçi təşkilat olmaqdan çıxaraq, tam təsisatlı funksional beynəlxalq təşkilata çevrilərək Türk Dövlətləri Təşkilatı adlandırılacaq: “Bu isə o deməkdir ki, bu təşkilat qərarlar qəbul edəcək, üzv ölkələr qarşılıqlı şəkildə vəzifələr müəyyənləşdirəcək və qəbul edilmiş qərarların icra edilməsilə bağlı öhdəlik götürmüş olacaqlar. Belə olanda ümumi və ortaq mənafelərin qorunması üçün birlikdə hərəkət etmək imkanları yaranacaq ki, bu da hazırkı tarixi mərhələdə milli təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Müqayisəli təhlil etmək istəsək aydın olacaq ki, vaxtilə ATƏT də ATƏM olaraq bənzər yol keçib, daha sonra institusional forma alaraq olduqca effektiv beynəlxalq təşkilatlardan birinə çevrilib. Əslində hələ Türk Şurası kimi fəaliyyəti dövründə bu mərhələyə ciddi hazırlıq işləri aparılıb, Şuranın tərkibində Türkdilli Ölkələrin Parlament Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TürkSoy), Beynəlxalq Türk Akademiyası və s. kimi müxtəlif qurumlar yaradılıb. Yeni mərhəldə isə bu qurumlar daha səmərəli struktur vahid olacaqlar”.
Deputat xüsusi qeyd edib ki, bu beynəlxalq təşkilatın əsası 2009-cu ildə Naxçıvanda qoyulub və Zirvə görüşündə xüsusi bəyanat qəbul edilib: “O zaman ən aktual məsələlərdən biri Türk Dünyasını fiziki baxımdan birləşdirmək və tarixi quru sərhədləri bərpa etməklə etnocoğrafi bütövlüyə nail olmaq idi. Hazırda demək olar ki, əldə etdiyimiz tarixi Zəfərlə bunu təmin etmişik və Zəngəzur dəhlizinin işlək vəziyyətə gəlməsilə bu proses başa çatacaq”.
H. Babaoğlu nəzərə çatdırıb ki, hazırkı Zirvə görüşü İstanbulda, Demokratiya və Azadlıq adasında keçirilir: “Bunun da məxsusi mənası var. Dünyaya mesaj verilir ki, Mərkəzi Asiyadan Qafqazlara, oradan isə Avropaya qədər uzanan və mühüm perspektivlər vəd edən sülhpərvər, əməkdaşlığa açıq bir mühüm platforma var. Bu platforma böyük bir coğrafiyaya demokratiya, sülh, azadlıq və rifah vəd edir. Eyni zamanda bütün bunları qoruyacaq vahid təhlükəsizlik məkanı yardır. Nəzərə almaq lazımdır ki, Türkmənistanın da daxil olmasıyla təqribən 160 milyonluq əhalini və 1.2 trilyon dollarlıq ümumdaxili məhsulu əhatə edən nəhəng bir istehsal və istehlak bazarından söhbət gedir. Bu, ozlüyündə mühüm iqtisadi imkanlar və qarşılıqlı marağa əsaslanan inteqrasiya vəd edir. Hazırda Macarıstan da daxil olmaqla, 15-ə qədər ölkənin də müşahidəçi statusunda bu təşkilata qəbul edilmək istəklərini nəzərə alsaq, aydın olacaq ki, necə nəhəng bir tərəfdaşlıq və əməkdaşlıq platformasından söhbət gedir. Vaxtilə biz bu imkanları sadəcə xəyal etdiyimiz halda hazırda bu, bir reallıqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR