Meksikanın tanınmış jurnalı Azərbaycan haqda geniş material dərc edib 

Meksikanın tanınmış jurnalı Azərbaycan haqda geniş material dərc edib 
# 10 iyul 2021 06:41 (UTC +04:00)

Meksikanın dövlət və hökumət qurumları, parlament, akademik çevrələr və ölkədə akkreditə olunmuş diplomatik korpus üzvləri arasında geniş yayılan “El Mundo” jurnalında səfir Məmməd Talıbovla müsahibə əsasında “Azərbaycan: keçmiş, aktuallıq və gələcək – nailiyyətlər, çağırışlar və perspektivlər” başlıqlı iri həcmli yazı dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən APA-ya verilən məlumata görə, yazıda ilk olaraq, AXC-nin təsis edilməsi, qısa mövcudluq dövrü ərzində dövlət quruculuğu sahəsində qazandığı uğurlar, Cənubi Qafqaz regionunda demokratiyanın inkişafındakı önəmli töhfələri haqda məlumat verilir və bu il müasir Azərbaycanın sələfi AXC-nin layiqli varisi olaraq 28 May – Respublika gününü fəxarət hissi ilə, ərazi bütövlüyünü bərpa etmiş şəkildə qeyd etdiyi bildirilir.

Sonra müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklərə, xüsusilə qonşu Ermənistanın hərbi təcavüzünə baxmayaraq, Azərbaycanın Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə önəmli uğurlara imza ataraq öz suverenliyini gücləndirdiyi, günümüzdə isə Prezident İlham Əliyevin səmərəli siyasi-iqtisadi strategiyası sayəsində regionun ən aparıcı ölkəsinə çevrildiyi söylənilir.

Ardınca müasir Azərbaycanın iqtisadi nailiyyətləri, bu xüsusda, həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi üçün aparılmış islahatlar, yeni yaradılmış sənaye parkları, o cümlədən Ələt Azad İqtisadi Zonası və onun sahibkarlar üçün təqdim etdiyi səmərəli biznes imkanları haqda geniş məlumat verilir. Azərbaycanın turizm sektorunun inkişafına da xüsusi yer ayrılmış yazıda paytaxt Bakı və regionlarda yaradılmış turizm infrastrukturu, habelə ölkəmizin zəngin iqlimi, rəngarəng təbiəti, dəyərli tarixi-memarlıq abidələri və mətbəxi haqda danışılır.

Daha sonra Azərbaycanın 44 günlük müharibədə işğaldan azad etdiyi ərazilərdəki mövcud durum, məcburi köçkünlərimizin evlərinə qayıtması üçün Ermənistan tərəfindən yaradılmış maneələr, bu xüsusda bölgə infrastrukturunun işğalçı dövlət tərəfindən tamamilə dağıdılmış olması, bu ərazilərdə kütləvi minalanma aparılması və Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina etməsi barədə oxuculara məlumat verilir. Hazırda Azərbaycanın başlıca məqsədinin bu ərazilərin yenidən qurulması və məcburi köçkünlərin evlərinə qayıdışının təşkili olduğu deyilir və bu məqsədlə artıq geniş miqyaslı infrastruktur quruculuğu işlərinin, bu xüsusda nəqliyyat yolları, hava limanları, “ağıllı kənd”lər, hospital və məktəblərin inşasına başlandığı bildirilir.

Eyni zamanda, azad edilmiş ərazilərdə 30 ilə yaxın müddətdə ölkəmizə aid tarixi-mədəni irsin işğalçı dövlətin vandalizminə məruz qaldığı, hazırda bu abidələrin bərpası, xüsusilə də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin zəngin mədəni irsinin özünə qaytarılması istiqamətində Azərbaycan tərəfindən aramsız işlər gördüyü qeyd olunur.

Ümumiyyətlə, mono-etnik Ermənistandan fərqli olaraq 40-a yaxın müxtəlif xalqlardan olan insanların birgə, sülh içində yaşadığı Azərbaycanın zəngin çoxmədəniyyətlilik ənənələri ilə tanındığı, mədəniyyətlərarası dialoqun inkişafında önəmli rol oynadığı, bu mövzu üzrə son illərdə çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi, habelə Heydər Əliyev Fondu tərəfindən ölkə xaricində bir çox dini-mədəni abidələrin restavrasiyasının həyata keçirildiyi və qeyd olunan məsələlərdəki önəmli xidmətləri sayəsində Azərbaycanın Roma papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı qeyd olunur.

Bir neçə ay öncə Ermənistanın Azərbaycan üçün yaratdığı ekoloji problemlərlə əlaqədar sosial şəbəkələrdə həyata keçirilmiş kampaniya ilə bağlı suala münasibətdə qonşu dövlətin ərazisindən axaraq Araz çayına tökülən və tərkibində yüksək miqdarda zərərli maddələr olan Oxçuçayın yerli flora və faunaya, eləcə də insan həyatına ciddi təhlükələr yaratması, habelə Ermənistan ərazisində hələ də fəaliyyətinə son verilməmiş Metsamor atom elektrik stansiyasının bütün region üçün təhdid olması haqda məlumat verilir.

Müxtəlif ölkələrin KİV-lərində erməni diaspor təşkilatlarının maliyyə qanunsuzluqlarına yol verməsi barədə dərc olunmuş yazılarda əks olunan fikirlər barədə sualla bağlı Ermənistan hökuməti və erməni icma təşkilatlarının dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərdən humanitar məqsədlər adı altında kütləvi həcmdə maliyyə ianələri topladığı və bu vəsaitləri Ermənistanın silahlanmasına, Azərbaycan ərazilərində vaxtilə mövcud olmuş qanunsuz rejimin dəstəklənməsinə və 44 günlük müharibə zamanı ölkəmizə qarşı hərbi əməliyyatlara qatılmış muzdlulara sərf olunduğu bildirilir.

Regionda davamlı sülhün tələblərinə dair suala münasibətdə isə münaqişənin bitmiş olduğu, bölgədə sülhün bərqərar olmasının bütün dövlətlərin faydasına olacağı, bunun üçünsə Ermənistanın ilk növbədə, qonşuların ərazi bütövlüyünü tanımalı, onlara qarşı ərazi iddiaları və nifrət ritorikasından əl çəkməli və əhalisini barışığa hazırlamalı olduğu deyilir.

Sonda Azərbaycanla Meksika arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafı haqda danışılır, habelə COVİD-19 pandemiyası ilə mübarizədə ölkəmizin əldə etdiyi nəticələr barədə məlumat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR