Milli Məclisin deputatları Cümhuriyyət qurucularının məzarlarını ziyarət ediblər

Milli Məclisin deputatları, Cümhuriyyət qurucularının məzarlarını ziyarət

© APA | Milli Məclisin deputatları, Cümhuriyyət qurucularının məzarlarını ziyarət

# 09 noyabr 2021 13:21 (UTC +04:00)

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Eldar Quliyev, Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, Sən-Klu merinin birinci müavini Seqolen dö Larmina ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin Sen Klu şəhər qəbirstanlığında yerləşən məzarlarını ziyarət ediblər. Hər iki görkəmli ictimai xadimin xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
Bu barədə APA-ya məlumat verən deputat Soltan Məmmədov bildirib ki, Azərbaycan tarixinin ən şərəfli günlərindən biri olan 8 noyabr Zəfər Günündə Xalq Cümhuriyyəti qurucularının məzarlarının ziyarət olunmasının xüsusi mənası var: “Azərbaycan tarixində böyür rolu olan bu şəxsiyyətlərin məzarlarını qalib ölkənin vətəndaşları kimi ziyarət etdik. Hesab edirəm ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun, xalqımızın qazandığı bu qələbə həm də istiqlal tariximizi yazan böyük insanların xatirəsinə ehtiramın ən gözəl ifadəsidir. Onların təməlini qoyduğu Azərbaycan Respublikası bu gün regionun ən güclü dövləti kimi tanınır, qəbul olunur”.
Qeyd edək ki, ziyarət mərasimində çıxış edən səfirlər 1919-cu ildə Paris Sülh konfransına gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvlərindən, onların siyasi amallarından, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin yollardan, üzləşilən çətinliklərin xalqımızın iradəsini sındıra bilməməsindən söz açıblar. Azərbaycanın müstəqilliyini bərpa etməsində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaətindən danışıblar. Torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Sən-Klu merinin birinci müavini Seqolen dö Larmina ölkəsinin tarixini Azərbaycan tarixi ilə müqayisə edərək, Azərbaycanın daha çətin yollar keçdiyini xüsusi vurğulayıb. Azərbaycan oğullarının xatirəsinin yad edilməsi tədbirinə bir neçə dəfə qatıldığını vurğulayaraq, 1918-ci ilin hər iki ölkə üçün vacib il olduğunu, həmin ildə noyabrın 11-də Fransada “Barışıq Günü” kimi qeyd edildiyini deyib. Müstəqilliyin əhəmiyyətinə toxunaraq, Azərbaycanlıları Zəfər bayramı münasibəti ilə təbrik edib.
Milli Məclisin deputatları Soltan Məmmədov və Eldar Quliyev Azərbaycan üçün xüsusi əhəmiyyətə malik tarixi bir gündə Şərqdə ilk demokratik respublikanın qurucularının məzarlarını ziyarət etməkdən qürur duyduqlarını bildiriblər. Xalq Cümhuriyyətinin elan etdiyi hədəflərin bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildiyini vurğulayıblar.
Daha sonra Milli Məclisin deputatları Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak ediblər. Türkiyənin Fransadakı səfiri Refik Ali Onanerin də iştirak etdiyi tədbirdə Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yaranmış yeni reallıqlarla bağlı müzakirələr aparılıb. Azərbaycan və Türkiyənin Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq mərhələsinin başlanması üçün atdığı siyasi addımların əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Fransada Azərbaycan Dostları Assosiasiyasının təşkilatçılığı ilə bu gün Parisdə “Qarabağ sülh dövründə: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda dəyirmi masa keçiriləcək. Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin ildönümü münasibətilə keçiriləcək tədbirdə Tədbirdə ölkəmizi Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Eldar Quliyev təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR