Milli Məclisin nümayəndə heyəti ilk dəfə Şimali Kiprə rəsmi səfər edib

Milli Məclisin nümayəndə heyəti ilk dəfə Şimali Kiprə rəsmi səfər edib

© APA | Səməd Seyidov və Ersin Tatar

# 17 iyul 2021 11:43 (UTC +04:00)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Respublikasına səfər edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Şimali Kiprin Prezidenti Ersin Tatar nümayəndə heyətini qəbul edib.

Ersin Tatar Türkiyənin Azərbaycanla yaxınlığından məmnunluq duyduğunu ifadə edib.

“Biz bir millət, 3 dövlətik”, - deyə o vurğulayıb.

Ersin Tatar Azərbaycandan ilk dəfə olaraq nümayəndə heyətinin ölkəsinə rəsmi səfər etdiyinə diqqət çəkib və əlavə edib ki, azərbaycanlı deputatlar Şimali Kiprə gələrək tarix yazıblar.

Azərbaycandan Şimali Kiprə ilk dəfə bir siyasi heyətin gəldiyini vurğulayan Səməd Seyidov qeyd edib ki, bundan sonra səfərlər davamlı olacaq: “Biz Şimali Kiprin güclü olmasını istəyirik. Türk dünyası yüksələcək. Bunun üçün Türkiyə, Azərbaycan və Şimali Kipr birlikdə olmalıdır”.

Milli Məclisin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasının parlament sədri Öndər Sennaroğlu və Baş nazir Ersan Saner tərəfindən də qəbul edilib.

Qeyd edək ki, iyulun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti ilə Ankaraya səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR