Milli Məclisin Sədri Əfqanıstan Milli Assambleyasının Xalq Palatasının Sədri ilə görüşüb

Milli Məclisin Sədri Əfqanıstan Milli Assambleyasının Xalq Palatasının Sədri ilə görüşüb

© APA | Milli Məclisin Sədri Sahibə Qafarova və Əfqanıstan Milli Assambleyasının Xalq Palatasının Sədri Mir Rahman Rahmani, İslamabadda görüş

# 02 iyun 2021 16:46 (UTC +04:00)

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı çərçivəsində İslamabadda Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının Sədri Mir Rahman Rahmani ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin Sədri Azərbaycan və əfqan xalqları arasında tarixən dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirib.

Qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. İki ölkə arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının görüşləri və aparılan danışıqlar mühüm rol oynayıb. Parlamentin Spikeri 44 günlük Vətən müharibəsi dönəmində, eləcə də artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin bütün dövrlərində Əfqanıstanın Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəklədiyini söyləyib. Əfqanıstanın dövlət strukturlarının, o cümlədən Milli Assambleyanın Ağsaqqallar Şurasının və Xalq Palatasının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatları Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. Sahibə Qafarova həmkarına və Əfqanıstan xalqına bu haqlı mövqeyə və dəstəyə görə minnətdarlığını ifadə edib.

Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının Sədri Mir Rahman Rahmani bildirib ki, bu gün Əfqanıstanla Azərbaycan arasında siyasi münasibətlərlə yanaşı, həyatın digər sahələrində də əlaqələr yüksək səviyyədədir, xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın dərinləşməsində əhəmiyyətli rol oynayır: “Parlamentlər səviyyəsində əlaqələrimiz də yüksələn xətlə inkişaf etməkdədir. Deputatların qarşılıqlı səfərləri, onların müxtəlif beynəlxalq qurumlar çərçivəsində mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından önəmlidir. İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarda nümayəndə heyətlərinin bir araya gəlməsi regional layihələrin reallaşmasına təkan verə bilər”.

Söhbət zamanı beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlıq,  parlamentlərarası əlaqələrin inkişafı, terrorizmə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR