Milli Məclisin sədri Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin Sədri Sahibə Qafarova,   Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüş

© APA | Milli Məclisin Sədri Sahibə Qafarova, Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüş

# 22 iyul 2021 17:50 (UTC +04:00)

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker bu cür görüşlərin əlaqələrimizin inkişafına öz töhfəsini verdiyini, Azərbaycan-Fransa əlaqələrinin qədim tarixi kökləri olduğunu qeyd edib.

S. Qafarova bildirib ki, heç də təsadüfi deyildir ki, bu sahədəki xidmətlərinə görə Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva 2011-ci ildə Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif edilib. Görüşdə spiker əsas diqqəti 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə və sonrakı mərhələdə Ermənistan tərəfindən törədilən təxribatlara yönəldib.

Dostluq Qrupunun üzvlərinin Gəncə şəhərinə, işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfər edəcəklərini söyləyən Milli Məclisin sədri nəzərə çatıdırb ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. S. Qafarova ümid etdiyini bildirib ki, Dostluq Qrupunun üzvləri öz ölkələrinə qayıtdıqdan sonra işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş dağıntılar barədə həm Milli Assambleyanın üzvlərinə, həm də Fransa ictimaiyyətinə obyektiv məlumatlar verəcəklər. Spiker təəssüf hissi ilə bildirib ki, bəzi Qərb ölkələrində erməni lobbisinin təsiri altında fəaliyyət göstərən siyasi qüvvələr Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edirlər: “Əlbəttə ki, bütün bunlar Azərbaycan ictimaiyyətini narahat edir. Biz bu məsələdə beynəlxalq birliyin daha ədalətli davranacağına, Ermənistanın törətdiyi təxribatlara və vəhşiliklərə obyektiv münasibət bildirəcəyinə ümid edirik”.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvü Jerom Lamber ölkəmizə səfərlərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. Bildirilib ki, bu cür görüşlər bölgə həqiqətləri ilə yaxından tanış olmaq, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.

Görüşdə Fransa Milli Assambleyasının üzvləri – Frederik Dumas, Karol Buro Bonnar, Jan Lük Reitzel, Sandrin Morş, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Soltan Məmmədov, qrupun üzvü Cavanşir Feyziyev çıxış edərək tərəfləri maraqlandıran məsələlər ətrafında fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR