Nazir: “Azərbaycan-Ermənistan münasibətlərində konkret nəticələrin əldə olunmaması təəssüf doğurur”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 18 oktyabr 2021 12:03 (UTC +04:00)

Azərbaycanın mövqeyini dəstəklədiyi üçün Qətərə təşəkkür edirik.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bauramov Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, qətərli həmkarı ilə görüşdə ikitərəfli əlaqələrin gündəliyi, əməkdaşlıq məsələləri müzakirə olunub: “İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və BMT-də iki ölkə arasında faydalı əməkdaşlıq var. Görüş zamanı bu əməkdaşlığın detalları müzakirə olunub. Yüksək səviyyəli səfərlərin davam etdirilməsinin vacibliyi qeyd olunub. Mütəmadi dialoqun davamı, beynəlxalq təşkilatlarda koordinasiyalı şəkildə işləmək müzakirə olunub. Siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi də qeyd olunub. Ötən ay belə məsləhətləşmələr keçirilib. Eyni zamanda iqtisadi-ticari əlaqələr, investisiyalar müzakirə olunub. Qarşılıqlı investisiya və birgə şəkildə üçüncü dövlətlərə investisiya imkanları var”.

XİN rəhbəri qeyd edib ki, görüşdə işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə Qətər şirkətlərinin cəlb edilməsi də müzakirə mövzusu olub: “Maraqlı və vacib müzakirələr apardıq. Qətərli həmkarıma keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 44 günlük müharibə, üçtərəfli bəyanatlar barədə məlumat verdim. Qətərin Azərbaycanın hüquqi mövqeyini dəstəkləməsinə görə təşəkkür etdim. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə dağıntının miqyası, Azərbaycanın apardığı quruculuq işləri, mina təhlükəsi barədə qətərli naziri məlumatlandırdım. Regionda kommunikasiyaların açılmasının vacibliyi, Azərbaycan tərəfinin bu məsələdə konstruktiv mövqeyi barədə həmkarıma məlumat verdim. Hazırda konkret nəticələrin əldə olunmaması təəssüf doğurur. Normallaşma prosesinə töhfə verəcək bir prosesin ləngiməsi düzgün yanaşma deyil”.

C. Bayramov Azərbaycanla Qətər arasında viza tələbinin ləğvinin turizmin inkişafına təkan verəcəyini qeyd edib: “İnanırıq ki, bu addım biznes və təhsil sahəsində əlaqələrə də öz töhfəsini verəcək”.

O, qətərli həmkarı ilə müzakirələrdə regional təhlükəsizlik məsələlərinin xüsusi önəm kəsb etdiyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR