Sahibə Qafarova Madridə səfər edəcək

Sahibə Qafarova, Milli Məclisin sədri

© APA | Sahibə Qafarova, Milli Məclisin sədri

# 26 noyabr 2021 17:45 (UTC +04:00)

Noyabrın 26-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətimiz Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Nigar Arpadarai, Kamran Bayramov, Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında müzakirə olunan məsələlərə nümayəndə heyətimiz öz münasibətini bildirəcək, qeyd və təkliflərini verəcək. Assambleya çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə keçiriləcək Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edəcək, tədbirdə iştirak edən nümayəndə heyətləri başçılarının müraciətləri dinləniləcək.
Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər noyabrın 29-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR